Azərbaycan cüdoçusu erməni ilə üz-üzə

21 Aprel 2016 13:30 (UTC+04:00)

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı start götürür.

Publika.az xəbər verir ki, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.Kişilərin yarışında 60 kq çəkidə mübarizə aparacaq Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. “Böyük dəbilqə”nin qalibi Tom Şmit (Lüksemburq) – Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir. Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.

66 kq-da Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.

Qadınların mübarizəsində isə 48 kq-da ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gələcək. Həmyerlimiz mərhələ adlayacağı halda, Şira Rişoni ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.