Novruz Məmmədov: “Ermənistan rəhbərliyi burnunun ucundan o tərəfi görmür”

21 Aprel 2016 15:00 (UTC+04:00)

“Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur. Gör, nə dərəcədə ağılsız olublar ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırırlar”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

PA rəsmisi bildirib ki, Ermənistan BMT-ni Sivilizasiyalar Alyansının Qlobal Forumunu Bakıda keçirməməyə çağırır: “Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi əslində burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə ağılsız olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginliyin olduğu dövrdə belə addımlarla Ermənistan rəhbərliyi ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək”.

Vasif Həsənli