Pensiyaçılara kredit qadağası: EKSPERTLƏR NƏ DÜŞÜNÜR?

22 Aprel 2016 17:33 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qərar kredit təşkilatlarının aidiyyəti şəxslərinə göndərilib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Publika.az-a qərarı şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bunları deyib: “18 gün bundan əvvəl valyuta ilə kreditlərin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına ziddir, kommersiya banklarının sərbəst fəaliyyətinə müdaxilədir, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbədir, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası məlum qərarı ilə biznesin və istehlakçıların alıcılıq qabiliyyətini, işgüzar fəallığını aşağı salmaqla iqtisadi tənəzzülü daha da dərinləşdirir”.

Q.İbadoğlu deyir ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yanlışdır: “Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyada (dövlət qulluqçuları, hərbiçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar da var. İkincisi, pensiyaçılar arasında işləyənlər, təsərrüfatla və fərdi bizneslə məşğul olanlar da var ki, onların da ödəmə qabiliyyətinə şübhə etməyə dəymir. Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir, onlar depozitlərdən, əmlaklarını kirayə verməsindən və digər mənbələrdən də əlavə gəlirlərə malikdir. Nəhayət, hətta işləməyən və digər gəlirlərə malik olmayan pensiyaçıların yaşamaq hüququ konstitusiyada təsbit olunub və onların da borc vəsaitlərindən faydalanmaq hüququ var. Pensiyaçılar üçün bir çox ölkələrdə hətta sosial kredit paketləri də təqdim olunur. Görəsən pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil aldığı dövrdə ödəniş qabiliyyəti ümumiyyətlə olmur”.

İqtisadçı-ekspert Vüqar Bayramov beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir: “Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa onun yaşından, peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Eyni zamanda, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kredit üçün müraciət edirsə, bank nə üçün ona mənfi cavab verməlidir ki? Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemi kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Leyla