“Qara dənizdən Xəzərə qədər...” – Yeni Qarabağ müharibəsi üçün ŞOK PROQNOZLAR

23 Aprel 2016 12:42 (UTC+04:00)

“1994-cü ildən sonra atəşin dayandırılması haqqında müqavilənin ən ciddi pozuntusu aprelin əvvəlində qeydə alındı. Amma yeni dağıdıcı müharibə başlanmadı. Bununla belə, yeni dağıdıcı müharibə tamamilə realdır və bütün region alışa bilər”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın “The National İnterest” nəşrində aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurmanı şərh edən amerikalı jurnalist və analitik Karl Rader yazıb.

Bakı, Tiflis və ABŞ-da beynəlxalq münasibətlərdən dərs deyən, 2004-cü ildən postsovet məkanındakı münaqişələri işıqlandıran analitik regionda “nə sülh, nə də müharibə” vəziyyətinin yarandığını qeyd edib.

“Bu baxımdan yeni müharibənin qarşısını almaq üsulunun tapılması son dərəcə əhəmiyyətlidir. Yeni müharibəyə Rusiya, Türkiyə və İran asanlıqla cəlb edilə bilər. Qara dənizdən Xəzər dənizinə qədər xaos və dəhşət qövsü yaranacaq, müharibə Sovet İttifaqının dağılmasından sonra Avrasiyada ən böyük münaqişəyə çevriləcək. Bu yalnız insanların həlak olmasına gətirib çıxarmayacaq. Avropa Azərbaycan neftindən məhrum olacaq. Halbuki, onun çatdırılması siyasi planda da əhəmiyyətlidir. Bundan başqa, Avropaya Azərbaycan qazının çatdırılması təhlükə altında olacaq”, - Karl Rader bildirib.

Analitik qeyd edir ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu aşağıdakı alətlərdən istifadə etməlidir:

- 2007-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş “Madrid prinsipləri”nin reallaşdırılması uyğunlaşdırılmalıdır. Bura Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş yeddi rayondan erməni güclərinin çıxarılması, həmçinin Dağlıq Qarabağın statusu haqqında referendumun hansısa bir vaxtda keçirilməsi aiddir.

- Təmas xəttində silahsızlaşdırılmış zonanın ölçülərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi. Bu proses çərçivəsində hər iki tərəf artilleriya, tanklar və aviasiya vasitələri də daxil olmaqla ağır silahlarını geri çəkməlidir.

- ATƏT-in müşahidəçilərinin sayı ən azı 100 nəfər olmalıdır. Müşahidəçilər silahsızlaşdırılmış zona üzrə hərəkət etməli, qoşunların hərəkətlərini izləməli və atəşkəs rejiminin pozulması hadisələrini araşdırmalıdır.

- Atəşi pozan tərəflər üçün sərt cəzalar, o cümlədən iqtisadi və başqa sanksiyalar tətbiq edilməlidir.

Amerikalı analitikin sonuncu təklifi isə hiddət doğurmaya bilməz. Onun fikrincə, separatçı Dağlıq Qarabağ rejiminin gələcəkdə sülh danışıqlarına qoşulması haqqında məsələ müzakirə edilə bilər. Amma müəllif xatırladır ki, Ermənistan da daxil olmaqla “Dağlıq Qarabağ Respublikası”nı heç kəs tanımayıb: “O kiçik monoetnik qarnizon dövlətinə çevrilib və olduqca arzuolunmaz vəziyyətdədir. Çünki məhv olmaq təhlükəsi qarşısındadır”.

Karl Rader bildirir ki, danışıqlarda əsas əngəl daşı Dağlıq Qarabağın statusu ilə bağlı referendumdur: “Qarabağ Azərbaycan tərkibinə qayıdacaq, müstəqil olacaq və yaxud hansısa başqa bir varianta üstünlük veriləcək? Bu məsələ illərdir ki, prosesdə əngəl daşı olaraq qalır. Referendumda kim iştirak edəcək: bütün Azərbaycan və ya yalnız Qarabağ sakinləri? Azərbaycanlılar birinci variantda təkid edirlər, amma 2006-cı ildə Minsk qrupu bildirib ki, referendum yalnız Qarabağda keçirilməlidir”.

Regionda yerləşdirilməsi gündəmdə olan sülhməramlılara gəlincə, analitik qeyd edir ki, onlar ATƏT və ya BMT-ın mandatına malik olmalı və region xaricində olan ölkələrin hərbçiləri daxil edilməlidir. “Beləliklə, sülhməramlıların tərkibinə İran, Rusiya və Türkiyənin nümayəndələri olmayacaq. Həmçinin, Birləşmiş Ştatlar da yaxşı niyyət jesti kimi və ittihamlardan uzaq durmaq üçün sülhməramlıların tərkibində iştirak etməməlidir”

Müəllif real görünən yeni bir müharibəyə Rusiyanın mümkün müdaxiləsini qiymətləndirir. Onun sözlərinə görə, Rusiya həm Bakı, həm də İrəvanla kifayət qədər yaxşı münasibətlərə malikdir və hər iki tərəfə silah çatdırır. Analitik qeyd edir ki, Moskva və İrəvan arasında çoxdan qüvvədə olan müdafiə paktının şərtləri kifayət qədər yayğındır və buna görə də bəzi analitiklər Rusiyanın Ermənistanın yardımına gələcəyinə şübhə edirlər.

“Əgər Azərbaycan genişmiqyaslı hücuma başlayaraq Qarabağı qaytararsa, Rusiyanın Ermənistanın yardımına gələcəyinə şübhələr var. Amma Moskva və İrəvan arasındakı müdafiə paktındakı yayğınlıq Rusiyaya öz şərtlərini diktə etməyə imkan verir”, - amerikalı analitik yekunlaşdırıb.

Ömər Dağlı