Ermənilərdən daha bir etiraf: Niyə bu qədər itki veridik?

24 Aprel 2016 02:41 (UTC+04:00)

Ermənistanın ordu rəhbərliyi bu imtahandan çıxa bilmədi, itkilərin bu səviyyəsi, həmçinin cəbhədə ərazi itirmək sübut etdi ki, idarəetmə peşəkar deyil.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş siyasi məhbus və deputat Azat Arşakyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, bu uğursuzluğa görə nəinki istefalar, istintaq və cəza vacib idi:

“Fakt üzrə cinayət işi qaldırılmalı idi və biz itkilərin səbəbini öyrənməli idik. Əgər üzə çıxsaydı ki, bu ölümlərin səbəbi oğurluq, korrupsiyadır və bunu erməni xalqının seçmədiyi, hakimiyyəti qəsb edənlər törədir, onda onlar hamısı istefaya getməli idilər”.

Cəbhədən hər gün Ermənistana əsgər meyiti gəlməsinə münasibət bildirən Arşakyan bunu Azərbaycanın ikinci erməni dövlətinin qurulması ilə razılaşmadığının sübutu adlandırıb:

“Bu, oyun deyil, savaşdır. Cəbhədə xırda insidentlər hər an alovlana və böyük müharibəyə çevrilə bilər”.

Arşakyan Azərbaycanın cəbhə ərazilərini hər gün atəş altında saxlamağın vacibliyini də bildirib: “Biz cəbhədə hər gün onlardan daha çox atəş açmalıyıq. Amma bunun üçün silah, cəbbəxana lazımdır və məlum olur ki, kimlərsə onları oğurlayıb, özünə villa, malikanələr ucaldıb”.