Məmmədyarovdan müharibə ANONSU: “Toqquşma hər an baş verə bilər”

26 Aprel 2016 20:06 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidentinin danışıqları dayandırması barədə söylədiyi fikirləri şərh edib.

Publika.az xəbər verir ki, nazir E.Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir:

“Bir tərəfdən bəyan edirlər ki, münaqişə yalnız sülh yolu ilə həll edilə bilər, digər tərəfdən isə danışıqlar prosesindən imtina etdiklərini bildirirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi münaqişənin hərbi yolla həlli variantını seçir? Ermənistan rəhbərliyinin məntiqini başa düşmək olmur. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində olması region və danışıqlar prosesi üçün əsas təhlükədir. Hərbçilər kazarmaya qayıtmalıdır, əks halda hərbi toqquşma istənilən vaxt baş verə bilər”.

E.Məmmədyarov qeyd edib ki, münaqişənin həlli prosesindən hərbi element çıxarılmalıdır:

“Bunun üçün də ilk növbədə, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bundan sonra regiona sülhməramlılar yerləşdirilə bilər, kommunikasiya əlaqələri açıla, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıda bilər. Danışıqlar prosesi yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilməlidir. Yenilənmiş Madrid prinsiplərinin birinci bəndində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması nəzərdə tutulur. Əgər Ermənistan həqiqətən münaqişənin nizamlanmasında maraqlıdırsa, öz hərbçilərini işğal olunmuş ərazilərdən çıxartmalıdır və münaqişənin həlli istiqamətində hərtərəfli danışıqlar başlamalıdır”.

E.Məmmədyarov əlavə edib ki, hələlik xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılmır:

“Ancaq ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər olacaq”.

Vasif Həsənli