Prezident cəbhə bölgəsinə 6 milyon manat ayırdı

2 May 2016 18:31 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

2016-cı ilin aprel ayının ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutublar. Nəticədə mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib. Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər rayon İcra hakimiyyətlərinin hər birinə 3 milyon manat olmaqla cəmi 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.