Xalça Muzeyində maraqlı görüş

1 İyun 2016 19:57 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup gənc üzvi Azərbaycan Xalça Muzeyini ziyarət edib.

Xalça Muzeyinin mətbuat xidmətindən bildirilib ki, qonaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir.

Qeyd edilib ki, muzeydə xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Diqqətə çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da gənclərdə xoş təəssürat oyadıb.