Nazirlikdən Publika.az-ın yazısına REAKSİYA

1 İyun 2016 17:38 (UTC+04:00)

Salyan rayonunun Yenikənd, Xələc, Qarabağlı, Kərimbəyli, Qaraçala, Yolüstü və Kürsəngi inzibati ərazilərində salınan hektarlarla üzümçülük bağlarına mənşəyi məlum olmayan xəstəlik yayılıb.

Fermerlər Publika.az-a açıqlamasında xəstəliyin yayılma səbəbini bilmədiklərini, lakin bunun məhsuldarlığa ciddi zərər verəcəyini deyiblər. Hətta bəzi fermerlər bu il məhsul götürə bilməyəcəklərini deyir. Sakinlər iddia edir ki, bir neçə kənddə bütün təsərrüfat sahibləri zərər görsə də, yalnız bir tanınmış şəxsin təsərrüfat sahəsinə ziyan dəyməyib.

Sakinlərin sözlərinə görə, rayon İcra Hakimiyyətindən nümayəndələri sahələrə baxış keçirib, lakin konkret səbəb deməyiblər. Həmin yazı ilə bu linkdə (http://publika.az/p/138042) tanış ola bilərsiz.

Kənd Təsərrüfatı Nazirliyinin Salyan rayon idarəsinin rəisi Tariyel Atamalıyev Publika.az-a rayonun bir sıra kəndlərindəki üzüm sahələrində məhsuldarlığa təsir edəcək xəstəliyin yayıldığını təsdiq edib: “Bu il may ayı çox rütubətli keçdi. Günəşli günlərin sayı az oldu. Ona görə də, üzümlər arasında müəyyən xəstəlik yayıldı. Xəstəliyin daha da genişlənməməsi və yerdə qalan məhsulun qorunması üçün fermer sahibləri özləri mübarizə tədbirləri görür. Bu xəstəlik kütləvi şəkildə yayılır, bir təsərrüfatda olanda digərləri də yoluxur. Hər il xəstəlik olur, lakin bu il daha güclüdür. İnsanlara dəyən ziyan nəzərə çarpacaq dərəcədədir. Təbiət hadisəsi olduğuna görə, bu halın qarşısını almaq olmur”.

Yalnız bir şəxsin sahəsinin yolxumamasına münasibət bildirən T.Atamalıyev bunun mümkün olduğunu dedi: “Bir neçə il əvvəl də rayon kəndlərinin birində oxşar hal yaşanmışdı. Güclü dolu düşdüyündən bütün sahələr zərər görmüşdü, yalnız bir təsərrüfat sahəsində heç bir problem olmamışdı. Həmin sahədə budanma işlərinin gec aparıldığından şaxta təsir etməmişdi. Ola bilər ki, bu dəfə də sakinlərin dediyi həmin sahədə də aqrotexniki tədbirlər yaxşı yerinə yetirilib, lakin digərlərində yaxşı olmayıb. Bu məsələnin başqa izahı ola bilməz. Mən Yenikənd kəndində şəxsi fermer Bala Məmmədovun sahəsində olmuşam. Üzümlərdə kiflənmə müşahidə edilir. Fermerlər dərman vursalar da, effektli olmamasından şikayət etdilər. Lakin dərmanın keyfiyyəti yaxşıdır. Ancaq elə xəstəlik var ki, müəyyən mərhələdən keçəndən sonra dərman vuranda effekti olmur. Bu dərmanın xəstəliyi məhv edə bilməməsi də məhz gecikmə və xəstəliyin çox güclü olması ilə bağlıdır. Bununla yanaşı xəstəlik qısa zamanda çox geniş əraziyə yayılıb.

Bizdə olan məlumata görə, Xalac, Yenikənd, Həsənli, Qaraçala, Birinci, İkinci Varli kəndlərində insanlar kompakt şəkildə bu işlə məşğul olurlar. Konkret nə qədər təsərrüfata ziyan dəydiyini demək isə çətindir. Çünki onların hesabatı aparılmır. Sadəcə deyə bilərik ki, hər kənddə 500 nəfər bu işlə məşğul olur, ümumi götürsək isə bu hadisə 4-5 min evi əhatə edə bilər”.

Fermerlərə hər hansı dəstəyin göstərilməsinə gəldikdə, nazirlik rəsmisi bunun yalnız məsləhət xarakterli ola biləcəyini dedi: “Biz yalnız fermerlərə necə qulluq etmək, bundan sonrakı məhsulu qorumaq, dərmanın hansı dozada seçmək kimi məsləhətlər verə bilərik. Təsərrüfat sahələri sığortalı olsaydı, dövlət dəymiş ziyanın qaytarılması üçün dəstək ola bilərdi. Lakin bu gün fermerlər kənd təsərrüfatı sahələrini sığorta etdirməyə meyilli deyil. Çünki sığorta şirkətlərinə qarşı inamları azdır. Bu xəstəlik məhsuldarlığa 15-20, bəzi yerlərdə 30%-ə qədər təsir edə bilər”.

Gülxar