Ağdaş və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib.
Publika.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən
verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq,
bağçılıq, fermer təsərrüfatlarının inkişafı və s. sahələrin
inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına
100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu
ilin ötən dövrü ərzində 1014 sahibkara 44,7 milyon manat güzəştli
kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə
etməklə investisiya layihələrinin reallaşdırılması 2500-ə yaxın
yeni iş yerlərinin yaradılmasına imkan verir.
“Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 7598 investisiya layihəsinin
maliyyələşdirilməsinə 326 milyon manat güzəştli kredit verilib.
Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan
kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu
heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük,
bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının,
çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin
yaradılması və s. sahələr üzrə investisiya layihələri
maliyyələşdirilib, 29 mindən çox yeni iş yerinin açılması imkanı
yaradılıb.”-deyə, o qeyd edib.