Bu yolda təmir başa çatdı - FOTO

3 İyun 2016 10:19 (UTC+04:00)

“Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb.

“Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülüb.

Bundan başqa asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kv.m sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib. Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.