İrandan ABŞ-a terror İTTİHAMI

5 İyun 2016 17:39 (UTC+04:00)

Rəsmi Tehran ABŞ maliyyə naziri vəzifəsini icra edən Adam Şubinin İranın terrorizmə dəstək verməsi barədə bəyanatına münasibət bildirib.

Publika.az APA-ya istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyinin təmsilçisi Hüsyen Caber Ansari deyib ki, ABŞ-dan fərqli olaraq İran təcrübədə terrorizmə qarşı mübarizədə ən ciddi və effektiv qüvvə olduğunu sübut edib.

H. C. Ansari Vaşinqtonu dünyada terror təhlükəsini artırmaqda da günahlandırıb: “Əgər İraq, Əfqanıstan, Suriya, Liviya və Yəməndə hərbi müdaxilə və terrorçu qruplara dağıdıcı dəstək olmasaydı, beynəlxalq ictimaiyyət bu gün terrorçu qruplardan qaynaqlanan təhdidə qarşı mübarizədə böyük əziyyətlə üzləşməzdi”.

Qeyd edək ki, ABŞ maliyyə naziri vəzifəsini icra edən A. Şubin bildirib ki, 7-8 iyun tarixlərində Paris və Berlinə səfəri zamanı Avropa İttifaqı rəsmiləri ilə İranın stabilliyi pozmağa yönəlmiş fəaliyyəti və terrorizmə dəstək verməsinə qarşı birgə mübarizə ilə bağlı müzakirə aparacaq.