Qara paltardan çıxmayan Zülfiyyə Xanbabayeva - “Qarderob” FOTOLAR

10 İyun 2016 13:15 (UTC+04:00)

Xalq artisti Zülfiyyə Xanbabayeva illərdir ki, həm musiqi, həm də geyimdə öz üslubuna sadiqdir. Bu xanımın sevilməsinin əsas səbəbi səmimiyyəti, mehribanlığı, fərqli ifasıdırsa, digər səbəbi özünəməxsus geyim tərzidir. Təsadüfi deyil ki, onun adı Azərbaycanın ən dəbli müğənniləri siyahısında hər zaman ilk sıralarda çəkilir.

Publika.az-ın "Qarderob" layihəsinin budəfəki rubrikasında Xalq artisti Zülfiyyə Xanbabayevanın geyim tərzini təhlil etmişik.

Zülfiyyə Xanbabayeva təbiətin ona bəxş etdiyi təbii məlahətin qayğısına qalır və nadir ziyalı gözəlliyinə kölgə salmayan sadə fasonlara üstünlük verir. Digər ulduzlar kimi Zülfiyyə Xanbabayeva da karyerasının ilk illərində dəb xətalarına yol verib. Lakin illər ərzində püxtələşərək özünəməxsus geyim tərzini formalaşdırıb. Artıq çəkilərinə baxmayaraq, o, istənilən geyimdə möhtəşəm görünməyi bacarır. Müğənni dəb hiylələri sayəsində artıq çəkisini məharətlə gizlədir və demək olar ki, köklüyü bir o qədər də nəzərə çarpmır. Öz üzərində eksperimentlər aparmaqdan çəkinməyən müğənni qızıl ortanı həmişə tapa bilir. Xalq artisti incəliklə seksuallığı o qədər ustalıqla birləşdirir ki, tənqidçilər belə ona irad edə bilmir.

İllərdir ki, klassika ilə rok tərzini birləşdirən ulduz öz üslubuna xəyanət etmək niyyətində deyil. Zülfiyyə Xanbabayeva həmçinin çox az insanın müraciət etdiyi qotik üslubda geyinir və minimalizmdən kənara çıxmağı xoşlamır. Fotolarına baxan kimi məlum olur ki, o, qara rəngə üstünlük verir. Zülfiyyə Xanbabayevanı başqa rəngdə görmək nadir hallarda mümkün olur. O, hər zaman qara geyinməsinin səbəbini özünü bu rəngdə rahat hiss etməsi ilə izah edir: "Modadan geri qalmaq lazım deyil. Stilimə sadiq qalmaq şərtiylə mümkün qədər dəblə ayaqlaşmağa çalışıram, stilistlərlə işləmirəm. Qara məni arıq göstərir. Əslində, arıq olanda da qaradan çıxa bilmirdim. Onun bir əzəməti, özünəməxsus yeri var. Dünyada müxtəlif rənglər var, təbiətin özü də al-əlvan rəngdədir. Amma mən hesab edirəm ki, rənglərin şahı qaradır".

Z.Xanbabayeva üçün paltarın qiymətinin heç bir önəmi yoxdur. Onun qənaətinə görə, zövqlü insan özünə istənilən paltarı yaraşdıra bilir: "Brend olub-olmamasının əhəmiyyəti yoxdur. Arıq insanlar nə geyinsə yaraşır. Mən arıq deyiləm. Görün arıq olsam, nələr edərəm. İnsan özünə yaraşanı geyinməlidir. Bu, brend də, ucuz da ola bilər. İnsan geyimi gözəlləşdirməlidir, geyim insanı yox".

O, gündəlik həyatda kejual tərzinə üstünlük verir. Əslində, kejual üslubunun heç bir öhdəliyi və dəqiq qaydaları yoxdur, burada əsas məsələ rahatlıqdır. Müğənni rahatlığa böyük əhəmiyyət verir, eyni zamanda gündəlik həyatda da qlamur imici ilə dərhal seçilir. Z.Xanbabayeva səfərlərə və gəzintiyə çıxan zamanı idman üslubunda geyinməyi xoşladığını bildirib.

Qeyri-adi səslənsə də, müğənninin qarderobunda cinslər və şalvarlar üstünlük təşkil etmir. Cinslərdən imtina edən ifaçı çox nadir hallarda şalvar geyinir. Onun səhnə obrazının əsas bəzəyi isə uzun yubkalar və donlardır. Z.Xanbabayevanın qarderobunda ən çox bəyəndiyi geyim pencək və ponçolardır. Belə geyimlər həm artıq çəkini gizlədir, həm onu cəlbedici göstərir. Ayaqqabı seçimində də müğənni rahatlıq prinsipinə əməl edir. Amma dikdaban ayaqqabıların qadın zərifliyini vurğulayan ən gözəl aksesuar olduğunu da yaddan çıxarmır.

Müğənni əsasən, böyük həcmli çantalara üstünlük verir, həmçinin onu iri çərçivəli eynək pərəstişkarları cərgəsinə daxil etmək olar. Minimalizm qaydalarından kənara çıxmayan ulduz lakonik dizaynlı qol saatlarına da biganə deyil.

Xüsusi vurğulamaq lazımdır ki, Zülfiyyə Xanbabayeva dəri geyim və dəri əlcək vurğunudur. Məsələn, klassik ziyafət libaslarını dəri gödəkcə, yaxud dəri əlcəklə uzlaşdırır. Yeri gəlmişkən, o, dəri geyimlərdə olduqca valehedici görünür. Ulduzun zərifliyi ondadır ki, o, dəri ilə dəbdəbəli aksesuarları birləşdirməyi sevmir.

Yazının qəhrəmanı müxtəlif zinət əşyalarının eyni anda istifadə edilməsinin əleyhinədir. Sadə libaslarını isə üzük, yaxa sancağı və ya boyunbağı ilə tamamlayır. Böyük, nəzərə çarpacaq bir aksesuar taxıbsa, bu zaman paltarın maksimum sadə olmasına fikir verir.

Geyimdə təmtərağı sevməyən müğənni makiyajda da parıltıya qaçmır. Əsas diqqəti gözlərinə ayırır. Dodaqlarını isə təbii rəngli dodaq boyaları ilə vurğulamağı xoşlayır. Gözəl üz cizgilərinə malik olan sənətçi üzünü rənglərin hücumuna məruz qoymağı, eləcə də saçının rəngini tez-tez dəyişməyi qətiyyən xoşlamır.

Aytən