Qurban Qurbanov: “Aşağı yaş qruplarından futbolçu çıxmır” - MÜSAHIBƏ

13 İyun 2016 16:38 (UTC+04:00)

“Qarabağ”ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Qurban Qurbanov İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Başlayaq İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunan qərardan. Necə düşünürsüz, 8 komandalı çempionatın futbolumuza nə kimi xeyri və ya ziyanı dəyəcək?

- Təsiri olub-olmayacağını bu gün deyə bilmərəm. Mən də öz fikrimi bildirmişdim ki, 10 komandanın olmasının tərəfdarıyam. Amma bizdən asılı olmayan amillər var və ona müdaxilə edə bilmərik. Bilirsiz, maliyyə cəhətdən klublar çətinliklə üzləşiblər. Lisenziyalaşdırma baxımından problemlər çoxdur. Düşünürəm ki, lisenziyalaşdırma problemini yoluna qoymaq olar. Amma maliyyə problemi varsa, o klub lisenziya olsa belə, 1-2 aydan sonra yenə həmin problemlə üzləşəcək. Buna görə də, belə bir qərar qəbul olundu.

- Son qərarın sizin planlarınıza nə kimi təsiri olacaq?

- Mənim planlarıma, təbii ki, təsiri olacaq. Nə qədər çox oyun keçirsə, futbolçunun bir o qədər xeyrinədir. Eyni komandalarla tez-tez qarşılaşmağa hələ 10 komandalı çempionatda da öyrəşmişdik. Amma matç sayı olaraq, il ərzində birdən-birə 8 oyun azalacaq. Bunun təsiri olacaq.

- Legioner rüsumu 5 min manata endirildi. Bununla bağlı fikriniz necədir?

- Bu qərar bir daha göstərir ki, klubların, həqiqətən, maliyyə sıxıntısı var. Bizə də faydalı olacaq. Qanun hamı üçün qanundur.

- Sizcə, bu, yerli oyunçuların özünü göstərməsinə mane ola bilər?

- Bu qərar büdcəsi az olan klublara kömək olacaq. Mən futbolçunun inkişafını bununla əlaqələndirməzdim. Bizdə futbolçular artıq tam peşəkarlaşıblar. Buna görə də, məncə, legionerin çox və ya az olması yerli oyunçuların inkişafına mane olmamalıdır. Futbolçu peşəkar olmalı, ondan tələb olunanı yerinə yetirməlidir.

- Bu qərar "Qarabağ"a daha çox legionerin gətirilməsinə şərait yarada bilərmi?

- Yox, onun təsiri yoxdur. Hər bir halda, komandaya faydalı olacaq oyunçu gətirməyə çalışırıq. Əgər 100 min manata görə işimizi quracağıqsa, onda işə başlamağa da dəymir. Çünki bizim çempionatda 5-6 legionerin rüsumunda hardasa 100 min fərq edəcək.

- Legioner rüsumunun azaldılması klublarımızdakı yerli futbolçuların gələcək taleyinə təsir etməyəcək?

- Büdcəsi az olan klublara bu qərarın yüz faiz köməyi olacaq. Amma mən futbolçunun oyununun yaxşılaşması, inkişafını belə şeylərlə yan-yana qoymaq istəməzdim. Peşəkar futbolçu üçün legioner rüsumunun azaldılması və ya limitin dəyişdirilməsinin fərqi yoxdur. Futbolçu peşəkardır və ondan tələb olunan şeyləri yerinə yetirməyə çalışır.

- "Qarabağ" xarici bazardan oyunçu gətirəcəkmi? Hansı mövqeyə axtarışlar gedir?

- İlk növbədə, hücum xəttinə. İki ay əvvəl də bildirmişdim ki, hücumçunun olmasını istəyirik. Əlimizdə oyunçular var idi, amma daha uyğununu, daha çox fayda verəcək birini istəyirik.

- Neçə ildi hücumçu axtarışındasız, hələ də tam istədiyiniz səviyyədə forvard tapa bilməmisiz. Maraqlıdır, Qurban Qurbanovun axtardığı hücumçu hansı kriteriyalara cavab verməlidi?

- Tək mən yox, hamı hücumçu axtarır. Məşqçi çoxdur, amma tapan azdır. Biz əlimizdə olan hücumçulardan həmişə maksimum faydalanmışıq. Armenteros var idi, Puponu gətirmişdik. Birini Belçikadan, digərini Hollandiyadan. Onların oyun keyfiyyətləri yaxşı idi. Amma komanda oyunu elədi ki, daim oyun üslubuna uyğunlaşmağı bacarmalısan. Hansı futbolçu buna uyğundusa, onunla müqaviləni uzadırıq. Kim gəlibsə, ondan faydalanmışıq. Hətta gedənlərin də faydasını görmüşük. Məsələn, Armenteros avrokubok oyunlarında, eləcə də çempionatda özünü yaxşı tərəfdən göstərdi. Onun da, Puponun da oyunundan, işinə yanaşmasından hardasa razı idim. Amma elə bir sistem formalaşdırmaq istəyirik ki, futbolçu tam oyun sisteminə düşsün və daim nəticə verməyi bacarsın.

- Cavid Tağıyev növbəti mövsümdə "Qarabağ"da olacaqmı? Ümumiyyətlə, bundan sonra komandadan kimlərsə göndəriləcək?

- Hamısı bizimlə birlikdə toplanışda olacaqlar. Hər birini Avstriyaya aparacağıq, çünki futbolçuların çox olmasına ehtiyacımız var. Cavidə gəlincə, onun bizimlə müqaviləsi qüvvədədi. Ona görə heç bir klubla danışıq aparmamışıq.

- "Qarabağ"da aşağı yaş qrupundan çıxan və əsas komandada möhkəmlənən sonuncu oyunçu Qara Qarayev olub. Ondan sonra elə bir səviyyədə futbolçu çıxmayıb. Bu məqam sizi narahat edirmi? Ümumiyyətlə, problem nədən qaynaqlanır ki, "Qarabağ"ın aşağı yaş qrupları son illərdə əsas komandaya futbolçu verə bilmir?

- Narahat edir. Futbolçu gəlmirsə, niyə də bu məsələ məni narahat etməsin? Amma əfsuslar olsun ki, bu gün bunu tam formalaşdıra bilməmişik. Lap aşağı yaş qruplarında çox perspektivli futbolçularımız var. 10-11 yaşlıları nəzərdə tuturam. Futbol elə bir oyundur ki, bəzən bir nəsil olur, 1 ildə birdən-birə 5-7 oyunçu üzə çıxır. "Neftçi"də Arazgilin vaxtında bir neçə oyunçu üzə çıxdı, "Qarabağ"da da o vaxt Əfran, Rauf, Maksim yetişdi. Bu müddəti də gözləmək lazımdır. Elə yaş qrupu var ki, onun yaxşı futbolçuları hər hansı bir kluba, ya "Neftçi", ya "Qəbələ", ya da başqasına yığışır. Bu səbəbdən "Qarabağ"ın aşağı yaş qruplarından bu gün futbolçu çıxmır. Amma lap aşağı yaş qruplarında perspektivli oyunçular yetişir.

- Çempionlar Liqasındakı potensial rəqiblərinizin siyahısına baxmısız? Kimlərlə qarşılaşmaq istəməzdiz?

- Siyahını təxmini bilirəm. Amma qismətimizdə nə olacaqsa, odur. Fikrimi bura yönəltmirəm. İlk oyunun səfərdə və ya evdə keçirilməsinə gəlincə, o səviyyəyə çatmalıyıq ki, bunun bizim üçün fərqi olmasın. Amma əlbəttə ki, bu cür yarışlarda ilk matçın səfərdə olması hər komandaya daha faydalıdır.

- Qurban Qurbanov bu il avrokuboklarda öz qarşısına hansı hədəfi qoyub? Nəzərə alın ki, digər 3 klubla müqayisədə, əksəriyyət yalnız sizdən uğurlu çıxış gözləyir...

- Biz hər il istəyirik ki, hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, daha yaxşı nəticə əldə edək. Amma futbolda bəzən düşünmədiyin nəticələr də olur. Öz təcrübəmizdən istifadə etməyə çalışmalıyıq. Belə turnirlərdə ən ağır oyun ilk matç olur. Həmin görüşə hazır olmalıyıq. Bir neçə futbolçumuz ötən mövsümü tez, bir neçəsi gec başa çatdırdı. Onları eyni səviyyəyə gətirmək bizə ağır olacaq. Bəzisinə az, bəzisinə çox istirahət verməli olursan. İlk oyuna bütün futbolçuların hazır vəziyyətdə çıxması çox önəmlidir.

- Səmimi cavab gözləyirik. Ansi Aqollinin yer aldığı Albaniya yığmasının AÇ-də qrupda qalıb, mübarizəni dayandırmasını arzulayırsızmı? Hər halda, "Qarabağ"a qoşulacağı tarix bundan asılı olacaq...

- Ansi çox yaxşı futbolçu və insandır. Əsl peşəkardır. Mənim arzum onun üçün ən yaxşısıdır. "Qarabağ"ı qoyuram kənara, Aqolli ən yaxşı nəticələrə layiq olan futbolçudur.