Bankların xarici borcu niyə azalıb? - SƏBƏB

14 İyun 2016 12:08 (UTC+04:00)

May ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis xarici aktivləri 2031,5 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, bankların xalis xarici aktivləri (kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosudur) ilin əvvəlinə 151,6 milyon manat təşkil edirdi.

Qeyd edək ki, hesabat dövründə bankların xarici öhdəlikləri də azalıb. Belə ki, yanvar ayında bu rəqəm 8385,9 2 milyon manat, fevralda 7411,6 milyon manat, martda 7435,4 milyon manat, apreldə 6749,3 milyon manata düşüb. Ötən ilin aprelində bankların xarici öhdəlikləri 7130,5 milyon manat təşkil edirdi.

Xatırladaq ki, 2010-2014-cü illərdə xarici öhdəlikərin orta illik artımı 20-25 faiz idi. Bank sektorunun xarici borclarının 1 ilin içərisində kəskin azalmasının əsas səbəbi manatın ucuzlaşması, iqtisadi subyektlərin valyuta kreditlərindən imtina etməsi şəraitində xarici resurslardan istifadə, bank böhranını daha da dərinləşdirməsidir. Ona görə də banklar artıq bir müddətdir valyuta öhdəliklərini mümkün qədər azaltmağa çalışıb.

Başqa tərəfdən də nəzərə alsaq ki, bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri, hesablardakı xarici valyuta ilə nağd pul qalıqları və s. (məsələn, qiymətli metallar formasında saxlanclar) daxildir, beynəlxalq kredit reytinqinin pisləşməsi də xarici öhdəliklərin azalmasına gətirib çıxarıb. Çünki hazırda hətta top onluqda olan bankların da xarici borc bazarına çıxışı çətinləşib.

İqtisadiyyat şöbəsi