FHN-in Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib

14 İyun 2016 21:28 (UTC+04:00)

14 iyun 2016-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Heydər Əliyev məktəbinin” lektoriyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə, Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan toplantıda

çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd etmişdir ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Elə buna görə də ülu öndərin siyasi hakimiyyətə yenidən qayıtdığı gün - 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü adlanır.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxışında qeyd etmişdir ki, Heydər Əliyevin xilaskarlıq missiyası impulsiv, epizodik hadisə deyildi. Məhz bu missiya Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin müəyyənləşdirilməsində həlledici rol oynadı. MM-in deputatı bildirib ki, xalqımızın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğuları ilə yaşayan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Ulu öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gəlməsi ilə vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız, adət və ənənələrimiz, mərasimlərimiz xalqa qaytarıldı. Bütün məsələlərə konseptual yanaşan ümummilli lider Heydər Əliyevin ədəbi-nəzəri fikirləri ilə əməli fəaliyyətinin vəhdəti nəticəsində Azərbaycan ədəbiyyatı və mədəniyyəti də inkişaf etdi. Bu gün də ulu öndərin siyasi kursunun alternativsiz davamçısı ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün geniş perspektivlər açılıb.

Tədbirdə çıxış edən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın inkişafı və sosial sahədə həyata keçirdiyi islahatlardan bəhs edib, onun siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

FHN Akademyasının rəis müavini polkovnik Afət Qurbanov da 15 İyun - Milli Qurtluluş gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz yerindən, xalqımızın və dövlətimizin xilası üçün həyata keçirdiyi titanik missiyadan söz açıb.