“Avro-2016”: Almaniya və Polşa 1/8 finalda - FOTO

21 İyun 2016 23:52 (UTC+04:00)

İyunun 21-də futbol üzrə XV Avropa çempionatının C qrupunda mübarizəyə yekun vurulub.

AÇ-2016-nın 12-ci günündə bu qrupda iki qarşılaşma keçirilib. Marsel şəhərindəki “Velodrom” stadionunda Ukrayna və Polşa milli komandaları qarşılaşıb.

Qrupun digər oyununda isə 2018-ci il dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparacaq Azərbaycan yığmasının rəqibləri olan Şimali İrlandiya və Almaniya milliləri Parisin “Park de Prens” stadionunda üz-üzə gəlib.

Şimali İrlandiya ilə oyun Almaniya yığmasının üstünlüyü şəraitində keçib. Görüşün 30-cu dəqiqəsində Tomas Müllerin ötürməsindən sonra almanların hücumçusu Mario Qomes hesabı açıb - 1:0.

Fasilədən sonra təzyiqi daha da artıran almaniyalı futbolçular rəqibin qapısı qarşısında çoxsaylı qol vəziyyətləri yaratsalar da, bundan istifadə edə bilməyiblər. Beləliklə, Almaniya komandası 1:0 hesabı ilə qələbə qazanıb.

Qarşılıqlı hücumlar, gərgin idman mübarizəsi şəraitində keçən digər görüşdə isə ilk hissədən sonra hesab açılmayıb. Fasilədən sonra da qapılar qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradan Polşa millisinin hücumları bəhrəsini verib. Matçın 54-cü dəqiqəsində Arkadius Milikin ötürməsindən sonra Yakub Blaşikovski fərqlənib - 1:0. Beləliklə, matç polşalıların qələbəsi ilə başa çatıb.

Bununla da C qrupunda mübarizəyə yekun vurulub və səkkizdəbir finala yüksələn komandalar məlum olub. Üç oyunda iki qələbə və bir bərabərlikdən sonra hesabında 7 xalı olan Almaniya millisi top nisbətinə görə qrupu birinci sırada başa vurub. Aktivində 7 xal olan Polşa yığması qrupda ikinci, 3 xal toplayan Şimali İrlandiya millisi isə üçüncü yeri tutub. Üç oyunda cəmi bir heç-heçə edən Ukrayna millisi isə 1 xalla qrupu sonuncu sırada başa vuraraq Avropa çempionatında mübarizəni dayandırıb.

Beləliklə, Almaniya və Polşa milliləri 1/8 finala birbaşa vəsiqə qazanıb. Şimali İrlandiya millisinin mübarizəni davam etdirməsi digər qruplardakı oyunların nəticələrindən asılı olsa da, komandanın aktivindəki 3 xal və topların fərqi onun növbəti mərhələyə yüksəlmək üçün şanslarını saxlayıb.