Rus milyarder Putindən şikayətləndi

22 İyun 2016 05:13 (UTC+04:00)

Rusiyalı milyarder, “Severstal”ın baş direktoru Aleksey Mordaşov ölkədəki işgüzar mühitdən şikayətlənib.

Publika.az xəbər verir ki, milyarder ABŞ-ın “Financial Times” nəşrinə müsahibəsində Rusiyadakı işgüzar mühiti əlverişsiz kimi xarakterizə edib.

Onun fikrincə, məhkəmə və hüquq-mühafizə sistemində islahatlar olmadan ölkədə iqtisadi artım qeyri-mümkündür.

Bundan başqa, milyarder bildirib ki, qərb sanksiyaları Rusiyanın diqqətini siyasətin xeyrinə yayındırır.

Qeyd edək ki, Mordaşov “Severstal” poladtökmə və dağ-mədən şirkətinin əsas səhmdarıdır. “Forbes” Rusiyanın ən zəngin insanlarından olan biznesmenin sərvətini 12,5 milyard dollar qiymətləndirir.

Mayın 10-da biznes-ombudsman Boris Titov biznes mühitlə əlaqədar məruzəni təqdim edib. Məruzədə qeyd edilirdi ki, 2015-ci ildə biznesə görünməmiş təzyiq olub. Onun məlumatına görə, sahibkarların cinayət təqibi son yeddi il ərzində davamlı şəkildə azalırdı, amma keçən il 20 faiz artıb.

Ömər Dağlı