Sabiq nazir: “Əks halda, Putin qalib gələcək”

23 İyun 2016 06:44 (UTC+04:00)

“Rusiya prezidenti Vladimir Putin Avropa Birliyi tərəfindən sanksiyaların uzadılması ilə əlaqədar “Normandiya dördlüyü”nün liderlərinin görüşündə iştirak etmək istəmir. İqtisadiyyatı kritik vəziyyətdə olan Kreml onların ləğvinə ümid edirdi”.

Publika.az xəbər verir ki, bu fikirlə Ukrayna diplomatı, sabiq xarici işlər naziri Vladimir Oqrızko “Novaya Vremya” saytı üçün yazdığı məqaləsində çıxış edib. Onun sözlərinə görə, Putin görüşdə ünvanına səslənəcək tənqidləri dinləmək istəmir.

“Ehtimal ki, “Normandiya dördlüyü”nün növbəti sammiti Putinsiz keçəcək”, - ukraynalı diplomat bildirib.

Vladimir Oqrızko qeyd edib ki, hazırda Ukrayna xarici siyasətinin əsas vəzifəsi Qərb siyasətçiləri və ictimai rəylə maksimum intensiv iş aparmaqdır: “Əgər biz buna müvəffəq olsaq, o halda növbəti yarım ildə Avropa Birliyinin kursu dəyişməyəcək. Əgər biz öz şansımızı itirsək, psevdoliberalizm və Putin qalib gələcək”.

Sabiq nazirin fikrincə, beynəlxalq arenada bəzi siyasətçilər əsas prinsiplərdən geri çəkilməyə başlayıb.

Xatırladaq ki, KİV dünən Avropa Birliyinə üzv ölkələrin daimi nümayəndələrinin Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılaşdığını yazıb. Qərar bu həftənin sonuna kimi rəsmən elan ediləcək.

Ömər Dağlı