Aydın Əliyev TÜSİAB rəhbərliyi ilə görüşüb

24 İyun 2016 20:05 (UTC+04:00)

İyunun 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) sədri Cəlil Polatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq Cəlil Polatı Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin sədri seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.

Ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi sferada qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edən Komitə sədri gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

DGK sədri Aydın Əliyev dünyada baş verən son iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədilə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini qonaqların diqqətinə çatdırdı. Komitə sədri gömrük işinin səmərəli təşkili sahəsində görülən işlərdən bəhs edərək, müasir dünyanın çağırışlarına cavab verən qanunvericilik bazasının hazırlanıb həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi və maddi-texniki bazanın dünya standartları səviyyəsində qurulması, kadrların potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Aydın Əliyev Dövlət Gömrük Komitəsinin daim sahibkarlarla, o cümlədən türk iş adamları ilə görüşlər keçirdiyini və bu kimi tədbirlərin, keçirilən ikitərəfli görüşlərin, aparılan müzakirələrin gömrük-biznes əməkdaşlığının, sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verdiyinə əminliyini ifadə etdi.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə minnətdarlığını ifadə edən Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin sədri Cəlil Polat son dövrlərdə biznes mühitinin və sahibkarlıq fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatları dəstəklədiklərini və bu islahatların türkiyəli iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğuladı və qeyd etdi ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar tükiyəli iş adamları ölkəmizə investisiya yatırmağa, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasında öz töhfələrini verməyə maraqlıdırlar və bu istiqamətdə TÜSİAB müvafiq tədbirlər həyata keçirir.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.