Ağdaşdakı ruhlar, qadınların soyqırımı və ya səhv düşəndə ayağımız...

27 İyun 2016 18:30 (UTC+04:00)

Hələ Məsih doğulmamışdı və bizim era başlamamışdı. Bizim tarix kitablarında “e.ə” deyə oxuduğumuz eramızdan əvvəl XI-VIII əsrlər idi. Bəşəriyyət özünün ən sonuncu kəşfini – dəmiri tapmışdı və “artıq bu sondur” deyə kəşflər kitabını bağlamışdı. Dəmirin tapılması tarixin gedişatını dəyişdi, bütün alətlər dəmirdən düzəldildi, silahlar ixtira olundu və daha nələr, nələr...

Əsrlər ötdü, Məsih dünyaya gəldi və bizim eramız başlandı. Dünya inkişaf etdi, maşınlar, tanklar, silahlar ixtira olundu, hər şeyin içinə bir az dəmir qarışdırdıq və “e.ə” insanımızın “sonuncu kəşfi” hesab etdiyi dəmir öz dəmirliyindən çıxdı. Daha doğrusu biz belə düşünürdük, ta o zaman qədər ki, ikinci minilliyin ikinci onilliyində, iyunun 23-də, bir yay səhəri xəbər çıxdı: “Bərdədə ər arvadını balta ilə öldürüb”. (http://publika.az/p/140690).

Publika.az-ın bu həftə təqdim etdiyi sosial-iqtisadi, siyasi sferadan tutmuş, duzlu-məzəli, bir az da toz-dumanlı xəbərləri sırasında oxucuların sevə-sevə, həyəcanla oxuduğu xəbərlər sırasında ilk pillələri məhz bu “balta söhbəti” tutdu. Və dərhal “e.ə”-dən əvvəl, dəmir dövrünün başlamasından günümüzə qədər keçdiyimiz inkişaf yolu göz önünə gəlir. Görünür, dəmir bəşəriyyətin inkişafına səbəb olub, amma özü öz daxilində inkişaf etməyib və lazım olanda ərlərin əlində arvadlarına, ataların ovuclarında oğullarına qarşı əsil silaha çevrilir.

Oxucularımız ərin əlindən çıxaraq arvadın başına düşən baltanı unutmağa hazırlaşaraq, prezidentlərin Sankt-Peterburq görüşünə - münaqişə tarixində ən çox diqqətlə izlənilən görüşlərdən biri - köklənmək istəyirdilər ki, (http://publika.az/p/140369) iyunun 24-də baltalar yenidən havalandı. Cəlilabadda ər şövqə gələrək, arvadı və oğluna “dəmir dövründən qalma” üsulla hücum etdi, elə həmin gün Zaqatalada oğul baltaya sarılaraq, atasına qarşı “müharibə” elan etdi və qalib gəldi, yəni ömrünün çoxunu yaşamış 78 yaşlı kişinin Əzraili oldu. (http://publika.az/p/140821), (http://publika.az/p/140855).

Qarabağ yaddan çıxdı, görüşün təfərrüatları kənara qoyuldu və baltalar müzakirəsi başlandı.

Əslində “balta” məsələsində məişət problemləri ilə yanaşı, diqqətdən qaçan bir nüans da var. Deməli, son illər respublikanın bütün bölgələrinə, hətta ucqar kəndlərinə mavi yanacağın verilməsi təmin olunur. Bu inkişafın və sosial rifahın göstəricisidir, amma belə görünür ki, insanlarımız daha oduna ehtiyacları qalmadığı üçün, kütləşən baltaları bir-birinin üzərində itiləməyə əl atıblar. Demirəm belədir, amma şeytan insanın ağlını çaşdırır, bəzən bunu da düşünməmək olmur.

Amma məsələ odur ki, bu internet peyda olandan sonra, Azərbaycan oxucusunun zövqünü də aydınlaşdırmaq asan olur. Məsələn Publika.az olaraq, həftə boyunca bütün siyasi, iqtisadi, sosial məsələləri daim izləməyə, oxucularımızın diqqətinə çatdırmağa çalışdıq. Yenə “hüquq məsləhətxanası” rubrikasında ən faydalı məlumatları çatdırdıq, günün siyasi xülasəsini hazırlayaraq, təqdim etdik, həftənin iqtisadi, siyasi hesabatını tərtib etdik. (http://publika.az/p/141015). Etdik ki, bəlkə hansısa oxucu filan xəbəri nəzərdən qaçırıb, yaxud oxumaq istəyib, amma vaxtı olmayıb, sonra bir də əziyyət çəkib axtarmasın.

Oxucular isə ruh arxasında sürünməklə məşğul oldular. Misal üçün, körpəni dəhşətə gətirən ruh xəbərinə elə hücum etdilər ki, əl-qolunu uzadıb xəbərin içində özü üçün “feyziyab” olan yazıq ruhu qaçırdılar. (http://publika.az/p/140555).

Oxucuların xəbərdən qaçırdığı ruh da bir də ayıldı ki, Ağdaşın Qoşaqovaq kəndinə qədər gəlib çıxıb. (http://publika.az/p/140782). İndi bütün hüquq mühafizə orqanları, bütün kənd əhli, hətta bütün jurnalistlər belə o ruhun axtarışındadır.

Amma bu həftədə də insanlarımızın maariflənməsi üçün də yaxşı xəbərlər olmadı deyə bilmərik. Əminəm ki, bundan sonra həkimə gedənlərimiz ayaqlarını, əllərini, hətta qulaqlarını belə gizlədəcək. Söhbətin nədən getdiyini yəqin ki, hər kəs bilir. Heç kim bilməsə də, oxucularımız bütün baş verənlərdən xəbərdardıqlar.

Burada haşiyə çıxaraq bir şeyi qeyd etmək istəyirəm: Deməli, bir qonşu var, sözün əsil mənasında Koroğlu bığı saxlayır. Dünən küçədə gedəndə rastlaşdım. Bığını başdan-başa “skoç”la örtmüşdü. Nə məsələdir deyə soruşdum. Qımışdı, “kimlər üçünsə sağ ayaq soldan daha vacibdirsə, mənim üçün bığ hər şeydən vacibdir” dedi və getdi. Sonradan öyrəndim ki, xoşbəxt oğlu saqqalını qırxdırmaq üçün bərbərə gedirmiş. Bərbər saqqal əvəzinə bığını kəsməsin deyə işini əvvəldən möhkəm tutub.

Gərək, o sol ayağı əvəzinə sağ ayağı kəsilən xəstə də işini əvvəldən möhkəm tutaydı. (http://publika.az/p/140884). Oxucular sağ olsun, bu xəbərin gündəmdən düşməsinə imkan vermədilər.

Bütün bu vurhavurun arasında oxucularımız vaxt tapıb, qadına çevrilən azərbaycanlı kişini, aslan minən ərəbləri, bir də “OŞO”nu unutmadılar.

Amma məni bayaqdan düşündürən məsələ başqadır. Deyirəm, görəsən, Məsih doğulmasaydı, “e.ə” bitməsəydi, dəmir icad olunmasaydı, “e.ə”dən qabaq XI-VIII əsrdəki insanlar da “sonuncu kəşf”in sevinci ilə yaşasaydılar...