Rusiya müharibə üçün 100 minlik qruplaşma yaradır – ŞOK PROQNOZ

29 Avqust 2016 16:22 (UTC+04:00)

“Rusiyanın Ukraynaya mümkün genişmiqyaslı müdaxiləsini göstərəcək ən azı üç fakt var”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin sabiq müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko bildirib.

Generalın sözlərinə görə, bu faktlardan biri ondan ibarətdir ki, Rusiya ordusu “qəfil yoxlama”nın gedişatında tam döyüş hazırlığı vəziyyətinə gətirilib: “Əgər Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayı yüz minə çatdırılarsa, bu, faktiki olaraq Kremlin böyük müdaxilə üçün hazırlığını bildirəcək. Böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı “kiçik qalib müharibə”nin cəhdlərini gözləmək olar. Yalnız aviasiya haqqında danışmamaq lazımdır. Cənub hərbi dairəsindən başqa, Qərb və Mərkəzi hərbi dairələri, həmçinin nüvə silahı ilə Şimal donanması tam döyüş hazırlığı vəziyyətinə gətirilib”.

İqor Romanenkonun fikrincə, ikinci fakt ondan ibarətdir ki, təlimlər deyil, məhz yoxlamalardan söhbət gedir: “Bu isə rusiyalılara hərbi müşahidəçiləri cəlb etməməyə imkan verir”.

“Və nəhayət, hərbi qulluqçuların sayının məhdud olduğu indiki halda rusiyalılar yoxlamanın gedişatında əlavə olaraq otuz mindən çox şəxsi heyəti cəlb etdilər. Bu, təlim deyil, yoxlamadır”, - general üçüncü faktı göstərib.

Romanenko xatırladıb ki, Rusiya belə bir ssenarini 2014-cü ilin fevralında reallaşdırıb: “Bu, Ukrayna üçün uyğun olan qruplaşmanın yaradılması və bu qruplaşmanın tətbiqi ilə Krımın zəbt edilməsilə bitdi. 1968-ci ildə Çexoslovakiyada sovet qoşunlarının tətbiqi də həmçinin “yoxlama”dan başlandı. Yaranmış vəziyyət kifayət qədər təhlükəlidir”.

General vurğulayıb ki, Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün Rusiyaya ən azı 100 min hərbi qulluqçu lazım olacaq: “Belə bir qruplaşma hələlik yoxdur. Rusiya Ukraynanın şərq sərhədində 30-40 minlik hərbi gücə malikdir, Bundan başqa, Krım və Dnestryanı qruplaşmalar var. Amma bunlar kifayət etmir”.

General Kremlin Qərbi və Mərkəzi hərbi dairələr, o cümlədən hava-kosmik və hava desant güclərinin hesabına lazım olan gücü formalaşdıracağını istisna etmir: “Əgər, belə bir qruplaşma yaradılarsa, o halda danışmaq mümkün olacaq ki, rusiyalılar genişmiqyaslı müharibənin başlanmasına hazırdır. Siyasi məsələlərə görə, Kreml 4-5 sentyabr tarixlərinə qədər bu addıma getməyəcək. Həmin vaxt ki, Çində G20-nin sammiti keçiriləcək. Amma Debaltsevo tipli “kiçik qalib müharibə” ehtimalı var”.

Ömər Dağlı