“Neftçi”nin baş məşqçisi və icraçı direktoru istefaya göndərildi

14 Sentyabr 2016 14:45 (UTC+04:00)

"Neftçi" klubu əsas komandanın son oyunlardakı uğursuz nəticələrini nəzərə alaraq bir sıra islahatlar həyata keçirib.

Sentyabrın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdən sonra icraçı direktor Elnur Məmmədov vəzifəsindən azad edilib.

Üstəlik, baş məşqçi Vəli Qasımov və icraçı direktorun idman məsələləri üzrə müavini Mübariz Xudiyevlə də yollar ayrılıb. İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilib.

Klub yeni təyinatlarla bağlı məlumatın yaxın zamanda elan olunacağını bildirib.