17 SENTYABR

17 Sentyabr 2016 09:46 (UTC+04:00)

1918-ci il. Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin “Bakı Kommunası”nın və eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

1988-ci il. Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndində erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb, partlayış və qırğıınlar törədilib. Sentyabrın 21-də SSRİ rəhbərliyi Xankəndidə xüsusi vəziyyət elan edib, lakin bu müddətədək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşüb.

1922-ci il. Berlində dünyada ilk dəfə səsli filmin ictimai nümayişi keçirilib. Belə filmlərin texnologiyası 1860-cı illərdə ixtira olunub. İlk səssiz film 1888-ci ildə çəkilməyə başlasa da belə filmlərin çəkilməsi müəyyən texniki problemlərlə bağlı idi. Dəqiq sinxronizasiya etmək çətinlik yaradırdı. Ona görə də, səsli filmlərin çəkilişi əsasən 1930-cu ildən başlayaraq vüsət alıb.