Azərbaycanlı hacıların ilk qrupu Bakıya dönüb

19 Sentyabr 2016 16:38 (UTC+04:00)

Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarlar artıq Vətənə dönməyə başlayıb.

"Report" xəbər verir ki, zəvvarların ilk qafiləsini gətirən təyyarə saat 16:30-da Bakıya enib.

Daha bir təyyarə reysinin axşam saat 19:05-də Bakıya gəlməsi gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayevin “Report”a verdiyi məlumata görə, ilk gələnlər Bakıdan ziyarətə öncə gedənlərdir: "Mədinədə olan zəvvarlarımızın vəziyyəti yaxşıdır. Onlar şəhərdə olan müqəddəs yerləri də ziyarət ediblər. Zəvvarlar gəzir, yaxınları üçün hədiyyələr alırlar".

O bildirib ki, sentyabrın 20-də uçuş olmayacaq: "Zəvvarların digər qrupları sentyabrın 21-i və 22-si tarixlərində Vətənə dönəcəklər".

Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə 1050 zəvvar qatılıb.