150 min nəfərlik iş yeri, 10 milyonlarla gəlir – Barama bizə nələr qazandıracaq?

16 Yanvar 2017 16:30 (UTC+04:00)

Baramaçılıq kənd təsərrüfatının ən gəlirli sahələrindən hesab edilir. Azərbaycanda müstəqilliyə qədər bu sahə inkişaf etdirilsə də sonradan diqqətdən kənarda qaldı. Son illər prezidentin tapşırığına əsasən, yenidən gündəmə gətirildi və diqqət artırıldı. Nəticədə 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edildi. Təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatdı. Bu rəqəmin daha da artırılması gözlənilir. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu il barama tədarükünün keçən ilə nisbətən ən azı iki dəfə artırılacağını bildirib. Məlum olub ki, keçən il 1 milyon 700 min tut tingi əkilib:

“Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik”.

Prezidentin bu açıqlamasından çıxış edib baramaçılığın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu araşdırmağa çalışıdıq.

Sovet hakimiyyəti dövründə ipəkçilik

Bir zamanlar Azərbaycanda baramaçılıq sahəsində 150 min nəfər çalışıb. Ölkədə 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 barama qurutma məntəqəsi var idi. Hansı ki, son illər diqqətsizlik səbəbindən sırada çıxdı. Hazırda hökumət onların bərpasına çalışır.

Bildirək ki, baramaçılıq əsasən beş təbii iqtisadi zonada - Naxçıvan, Şəki-Zaqatala, Aran, Şirvan və Yuxarı Qarabağ iqtisadi rayonlarında mövcud olub. Bu iqtisadi rayonlar üzrə istehsal respublikada istehsal olunan barama məhsulunun 82,6 faizini təşkil edib. Sovet İttifaqı dövründə Azərbaycan barama tədarükünə görə yalnız Özbəkistana uduzub. Konkret olaraq, 1988-ci ildə Özbəkistan 35025 min ton barama istehsal etmişdisə, Azərbaycanda 5584 min ton barama tədarükü reallaşmışdı. Cəmi barama tədarükünün 65,7%-i Özbəkistanın, 10,5 %-i Azərbaycanın payına düşürdü. Hər hektardan istehsal olunan məhsuldarlığa görə Tacikistan birinci yerdə (4,0 sentner), Özbəkistan ikinci yerdə (3,55 sentner), Qırğızıstan isə üçüncü yerdə (3,3 sentner) idi. Baramanın maya dəyəri Moldaviya Respublikasında 2637,2 manat, Ukraynada 1896,8 manat, Özbəkistanda 887,7 manat və Azərbaycanda 855,5 manat təşkil edirdi.

Respublikalar

Tədarük (ton)

Cəmi %-lə

Məhsuldarlıq 1hektardan sentnerlə

Baramanın Maya dəyəri (manatla)

1 s baramaya əmək sərfi (adam-saat)

RSFSR

693

1,3

2,0

2300,8

1160,0

Ukrayna

1104

2,1

1,0

1896,8

1531,0

Özbəkistan

35025

65,7

3,55

887,7

463,0

Qazaxıstan

295

0,5

2,41

1833,6

1728

Gürcüstan

1827

3,4

1,96

1414,8

1337,0

Azərbaycan

5584

10,5

2,00

855,5

409

Moldaviya

226

0,4

1,53

2637,2

2610,0

Qırğızıstan

1018

1,9

3,3

868,3

716,0

Tacikistan

4165

7,8

4,0

917,2

611,0

Türkmənistan

3403

6,4

3,2

885,3

466,0

SSRİ

53341

100,0

3,06

951,8

634,0

Nə qədər qazana bilərik?

Sirr deyil ki, istər xam ipəyin, istərsə də xam ipəkdən hazırlanan xalq istehlakı mallarının dünya bazarında qiyməti çox yüksəkdir. Burdan çıxış etsək, xam ipək respublikamıza valyuta gətirəcək məhsullar sırasında ola bilər. Necə ki, vaxtı ilə olub.

Mütəxəssis hesablamalarına görə, bir qutu ipək qurdunun yemlənməsi üçün 1 ton tut yarpağı, 5 qutunun yemlənməsi üçün 1 hektar tut platansiyası tələb olunur. 1 qutuda 29 qr ipək qurdu olur. Orta hesabla hər bir qutudakı ipək qurdundan 40-45 kq barama alınır. Bu hesabla 5 qutudan orta hesabla 200-225 kq yaş barama əldə edilir. 2,72 kq yaş baramadan 1 kq quru barama alınır. Keyfiyyətli yerli quru baramanın 3 kq-dan 1 kq ipək əldə olunur. 1 kq ipəkdən 1,35 metr parça alınır. Belə keyfiyyətli ipək həmçinin Özbəkistanda 2,5-2,7 kq baramadan alınır. Bu da yaxşı göstəricidir. Nəzərə alsaq ki, dünya bazarında 1 kq xam ipəyin qiyməti 13 dollar təşkil edir. Bu hesabla 1 hektar sahədən yığılmış calğa yarpağı ilə yemlənmiş 5 qutu barama qurdu toxumundan 26 kq xam ipək alınır, onun da dünya bazarında qiyməti 340 dollar təşkil edir.

Başaqa bir hesablama: hazırda dünyada 850 min tona yaxın yaş barama istehsal edilir. Bu həcmdə baramadan hər il orta hesabla 130-140 min tona yaxın xam ipək emal olunur. Dünyada yaş baramanın təxminən 80%-ə qədərini və ya 650 min tonunu Çin verir. İlk üçlüyü Çinin ardınca Hindistan və Özbəkistan qapayır. Hindistanda 130, Özbəkistanda isə 30 min tona yaxın yaş barama istehsal edilir. “Comtrade”in (International Trade Statistics Database) məlumatına görə, 2015-ci ildə dünya üzrə 200 tona yaxın təxminən 1.7 milyon dəyərində barama ixrac edilib. Bu da baramanın hər kq-nın orta ixrac qiymətinin 8.5 dollara yaxın olduğunu göstərir. Lakin ixrac olunan baramanın yaş və quruluğuna görə ixrac qiymələtləri fərqlənir. Məsələn, ötən il Qazaxıstan 111 min ton yaş barama ixrac edib və orta ixrac qiyməti 3.3 dollar olub. Çin 13.5 min ton quru barama ixrac edib və orta ixrac qiyməti 18 dollar təşkil edib.

Nəhayət rəqəmlər göstərir ki, 2015-ci ildə düyada ipək ipliyin orta ixrac qiyməti 60 min dollar ətrafında olub. Bu məhsulun ixracı üzrə ən böyük dövriyyə Çinə (98.2 milyon dollar) və Rumıniyaya (66.3 milyon dollar) məxsusdur. İpək ipliyin orta ixrac qiyməti Çin üzrə 55 min, Rumıniya üzrə 63 min dollar ətrafında olub. İki ölkənin illik ipək ixracı 3 min ton təşkil edib. Dünya üzrə ipək ipliyin ümumi ixracı 242.8 milyon dollar, həcmi isə 5 min tona yaxın olub.

Tərkibində 85% ipək olan parçaların dünya üzrə ixracı ötən il 1.271 milyard dollara yaxın olub. İpək parça ixracına 686 milyon dollarla Çin liderlik edir. İkinci yerdə 179 milyon dollarla İtaliya gəlir. Sonrakı yerlərdə Fransa 79, Hindistan 71, Cənubi Koreya 63, Yaponiya 53, Almaniya 27 milyon dollarla gəlir.

Baramaçılığın inkişafı üçün tələb olunanlar

Barama istehsalı üçün tələb olunan barama qurdunun əsas yemi tut yarpağıdır. Ekspertlər deyir ki, yarpaq sıxlığına, böyüklüyünə görə tut ağacının 24-dən çox növü var. Əvvəllər bu ağacları arxlar, bərələrin kənarlarında əkməklə artırardılar. Sonralar həyətyanı, istifadə üçün verilmiş torpaqlarda əkməklə artırmağa başladılar. Daha sonralar calğa toxumunu almaqla çəkilliklərdə yetişdirməklə əldə edib istənilən yerlərə əkirdilər. Mütəxəssislər bildirir ki, baramaçılıq elə bir sahədir ki, onun inkişafını təmin etmək bütün təsərrüfat formalarında əlavə gəlir mənbəyi kimi baxılmalıdır. Çünki baramaçılıqda əlavə əkin sahəsi tələb olunmur və işçi potensialından səmərəli istifadəyə imkan yaradır. Baramanın becərilmə müddəti çox qısa olmaqla becərməyə təqaüddə olan şəxslər, evdar qadınlar, məktəb şagirdləri maddi maraq prinsipləri nəzərə alınmaqla digərləri cəlb edilə bilərlər.

Başqa tərəfdən baramaçılıq həm də strateji əhəmiyyətə malik sahədir. Belə ki, barama xammalının emalından alınan xam ipəkdən hərbidə yüksək surətə malik olan az məsafədə dayandırılması tələb olunan təyyarələrin dayandırılmasında, ballastik raketlərin yerə endirilməsində istifadə olunur. Ekspertlər deyir ki, Azərbaycanda sektorun inkişafı üçün ilk növbədə xaricdən xammal (qrena, barama, ting və s.) idxalının qarşısı alınmalıdır və zəruri tənzimlənmə tədbirləri həyata keçirilməlidir. Tənzimlənmə nəticəsində barama məhsulunun emal müəssisələri tərəfindən alış qiyməti minimum həddə, ən azı barama istehsalının rentabelliyi isə 35-45%-ə çatdırılmalıdır. Bu cür tənzimlənmə tədbirləri ilə baramaçılığın inkişafına nail olmaq olar və kənd yerlərində əhalinin işsizliyi aradan qalxar.

İqtisadiyyat şöbəsi