Magistratura və rezidenturaya yeni QƏBUL QAYDALARI (YENİLƏNDİ)

11 Fevral 2017 11:04 (UTC+04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nı təsdiq edib.

Bu, bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (elmi təşkilat) magistraturalarına qəbul qaydalarını müəyyən edir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bakalavrlar) malikdirlər. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar Mərkəzin rəsmi internet səhifəsində “Bakalavrın elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər bakalavrlar sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Birinci mərhələdə bakalavrların imtahan verəcəyi xarici dil qaydalar nəzərə alınmaqla, bakalavr tərəfindən müəyyənləşdirilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir. Başqa sözlə, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər. Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər. Bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bakalavrlar test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir. Magistraturaya qəbul ol­maq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Bakalavr bitirdiyi ixtisasa müvafiq olan ixtisaslaşmalardan istəyinə uyğun olanlarını seçərək, onları istədiyi ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyir. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların imtahanın birinci mərhələsində ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisas­laşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır. Elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçməli və həmin təşkilatda müsahibədə iştirak etməlidirlər. Yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər. Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları və jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

Yeni Qaydaların təsdiqlənməsi ilə əlaqədar “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli 1 nömrəli qərarı ləğv edilib.

***

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nı da təsdiq edib.

Bu Qaydalar həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsilli şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.

Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər. Rezidentura təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Rezidenturada təhsil alan rezidentlər rezidenturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir. Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Başqa sözlə, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini, baza ali tibb təhsili haqqında sənədi və ona əlavəni, xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri, xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları olan həkimlərə Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni SQK-yə şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrin qəbulu zamanı dövlət sifarişi əsasında rezidentura təhsili almaq istəyən namizədlər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində 3 il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqları barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar. Namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini 10 gün müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Yeni Qaydaların təsdiqlənməsi ilə əlaqədar “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 15 may tarixli 4 nömrəli qərarı ləğv edilib.