Bakıda generalın xatirəsinə hörmətsizlik - "Tez-tez abidəni oğurlamağa cəhdlər edilir" - VİDEO - FOTOLAR

12 Fevral 2017 15:31 (UTC+04:00)

Böyük Vətən Müharibəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış general-mayor Həzi Aslanovun Bakıdakı məşhur heykəlini, yəqin ki, görməyən yoxdur. Lakin, sən demə, bu heykəl Bakıda Həzi Aslanovun adına ucaldılmış yeganə abidə deyilmiş. Onun gözdən-nəzərdən uzaqda, diqqətsiz vəziyyətdə qalmış büstü də varmış.

Publika.az bildirir ki, musavat.com-un müxbiri bu informasiyanın ardınca həmin büstün hazırda yerləşdiyi məkana üz tutub.

Məlum olub ki, general-mayor Həzi Aslanovun bu büstü Səbail rayonunda, "Akapen" adlanan ərazidə yerləşir. Sovet hökuməti zamanında Əlvan Metallurgiya zavodunun həyətində qoyulan büst indi baxımsız durumdadır. Büstün özü təqribən 1 metr hündürlüyündədir, dayağı isə bir metrdən daha yüksəkdir.

Sakinlərin dediyinə görə, büst latundan hazırlanıb. Çəkisinin təqribən 60-70 kiloqram olduğu deyilir. Möhkəm və dayanıqlı hesab olunsa da, illər və baxımsızlıq qəhrəmanın büstünü yararsız hala salıb. Açıq havada olduğundan büstün üzəri çirklənib, rəngi qarışıb.

Onu da qeyd edək ki, keçmiş zavodun həyətində 30-a yaxın məcburi köçkün ailəsi məskunlaşıb. Çəkiliş zamanı büstün ətrafındakı boş ərazidə məcburi köçkün ailələrinin göyərti əkib-becərdiklərinin şahidi olduq.

Sakinlər deyirlər ki, büst diqqətdən kənar yerdə qalsa da, onların əksəriyyəti Həzi Aslanovun abidəsinin ətrafını tez-tez təmizləyirlər. Çalışırlar ki, təmiz saxlasınlar.

Məcburi kökçünlərin sözlərinə görə, dəfələrlə müraciət etsələr də, heç bir dövlət qurumu qəhrəmanın büstü ilə maraqlanmır: "Bu büst sovet hökuməti zamanı qoyulub. 25 ildən çoxdur ki, buradadır. Həzi Aslanovun nə doğum, nə də ölüm günündə buraya gəlib maraqlanan yoxdur. Bunlar bir tərəfə, büstün üzərindəki ləkələri aparmaq üçün xüsusi dərman lazımdır. Biz dəfələrlə silməyə çalışdıq, ancaq nəticə vermədi. Həmin dərman bu cür metalların ləkəsini apara bilir. Bizim maddi imkanımız buna çatmır. Əslində, bu büstün yeri bura deyil. Bunu Həzi Aslanov metrostansiyasının yaxınlığında bir yerə qoymaq olar. Elə bu təkliflə yığışıb, milli qəhrəmanın yüksək vəzifədə işləyən nəvəsi Həzi Aslanovun qəbuluna getmək istəyirdik".

Qeyd edək ki, sakinlər bu büstün bərpa edilərək, Həzi Aslanovun adına layiq, görkəmli bir yerdə qoyulmasını istəyirlər. Onların sözlərinə görə, büst qiymətli metaldan hazırlandığından tez-tez bu abidəni oğurlamağa cəhdlər edilir. Lakin sakinləri sayıqlığı nəticəsində hələlik belə bir hadisə baş verməyib.