Xocalı soyqırımı qurbanlarının xatirəsi İzmitdə də anıldı - FOTOLAR

25 Fevral 2017 18:36 (UTC+04:00)

Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, TADEF-in təşəbbüsü və İzmit Bələdiyyəsinin dəstəyi ilə 2015-ci ildə rəsmi açılışı olmuş “Xocalı şəhidləri” abidəsinin qarşısında keçirilən tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, yazıçı Sabir Rüstəmxanlı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən TADEF sədri B.Dündar Xocalı faciəsinin Azərbaycanın, eyni zamanda, Türkiyənin ortaq dərdi olduğunu qeyd edib, abidənin ucaldılmasındakı xidmətlərinə görə İzmit Bələdiyyəsinə və Bələdiyyənin sədri Nevzat Doğana təşəkkür edib. B.Dündar deyib ki, ermənilər özlərinin uydurduqları qondarma “erməni soyqırımı” yalanlarını bütün dünyaya yaymaqla Xocalı və digər faciələrdə azərbaycanlılar və türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır edirlər. O, dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yumduğunu və ikili standartlardan çıxış edərək Xocalı faciəsini törədənlərin bu günə kimi cəzalandırılmadığını təəssüflə diqqətə çatdırıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Xocalı şəhidləri” abidəsinin ucaldılmasında xidmətləri olan hər kəsə təşəkkürünü bildirib. O, Türkiyənin və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformalarda qondarma “erməni soyqırımı” yalanlarına qarşı birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Çıxışında Türk dünyasının birliyinin vacibliyini diqqətə çatdıran Sabir Rüstəmxanlı qardaş Türkiyənin Türk dünyasının ən inkişaf etmiş ölkəsi kimi bu istiqamətdə səylərini artırmasının əhəmiyyətini vurğulayıb.

İbrahim Bulut anım mərasiminin Xocalıda qətl edilənlərin xatırlanması ilə yanaşı, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması və böyüməkdə olan gənc nəslin bu hadisələri bilməsi və unutmaması baxımından vacibliyini diqqətə çatdırıb.