V Qlobal Bakı Forumu işini bu gün də davam etdirir - FOTOLAR

17 Mart 2017 10:39 (UTC+04:00)

Bakıda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusunda panel iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclasın moderatoru olan Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib.

O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.

Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzai isə qeyd edib ki, Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərpa edilməsində mühüm rol oynayır:

“Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi” formatının əsas ölkələrindən biridir. Əfqanıstanın yaxın tərəfdaşı kimi, Azərbaycan regionda sabitliyin yaradılması prosesini dəstəkləyir və müxtəlif sahələrdə mühüm rol oynamaqda davam edir”.

Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov deyib ki, Bakı Qlobal Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir:

“Bu gün dünyanı narahat edən bir çox problemlər mövcuddur. Eyni zamanda Qırğızıstan da çətin siyasi proseslərdən keçib. Azərbaycan dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına şərait yaradır. Forumda çox əhəmiyyətli müzakirələr aparılır, yeni fikirlər səsləndirilir, problemlərin həlli yolları göstərilir. Əlbəttə ki, bu Azərbaycanın dünyada sülhün və sabitliyin qorunmasına verdiyi mühüm bir töhfədir”.

İclasda Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Pakistanın sabiq Baş naziri Şaukat Aziz, İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi, Qırğız Respublikasının sabiq Baş naziri Apas Jumaqulov, Macarıstanın sabiq Baş naziri Peter Medgiessi, Tsingua Universitetinin “Schwarzman" Kollecinin dekanı David Qingcong Pan, ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Eduard Luttvak iştirak edirlər.

10:25

“Azərbaycan bütün dünyadan olan liderlər, siyastçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır”.

Publika.az xəbər verir ki, bunu Belçikanın keçmiş Baş naziri Yves Leterme V Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı bildirib.

Yves Leterme deyib ki, indi dünyada liderlərininin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir:

“Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir”.

Keçmiş baş nazir qeyd edib ki, Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir:

“Mən ikinci dəfədir ki, bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm”.

16.03.2017/18:14

“Bu gün beynəlxlaq təşkilatların üzərinə mühüm vəzifələr düşür. Başda BMT olmaqla, beynəxlaq münasibətlərdə yeni yanaşma ortaya çıxıb”.

Publika.az xəbər verir ki, bunu V Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı Azərbacan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, BMT-nin dünyada gedən proseslərə münasibəti və görtərdiyi fəaliyyət birmənalı qarşılanmır:

“BMT-nin bəzi ölkələrlə bağlı qəbul etdiyi qərarlar dərhal icra olunsa da, bəzi dövlətlərlə bağlı qərarları icrasız qalır. Misal üçün, BMT-nin İraq və Liviya ilə bağlı qərarları dərhal icra olundu, amma Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnaməsi 25 ilə yaxındır ki, icra olunmur. Bu gün BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması ciddi aktuallıq kəsb edir. BMT Təhlükəsizlik Şurası üzvlərinin 5 dövlətdən ibarət olması ədalətli deyil. Bu təşkilatın çevik və dinamik fəaliyyət göstərməsinə maneçilik törədir”.

Ə.Həsənov qeyd edib ki, sülhün və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə məsuliyyət düşür:

“Bu gün beynəlxalq təşkilatlar içərisində BMT-nin fəaliyyəti narzılıqla qarşılanır. Müharibə ölkələrinə ikili sdandartlarla yanaşır. Münaqişələrdən əziyyət çəkən dövlətlərin BMT-yə inamı azalır. Vaxtilə Liviya ilə bağlı çıxardığı qətnamə anındaca icra edildi. Amma BMT Ermənistan-Azərbaycan münaqişə ilə bağlı qətiyyət nümayiş etdirmir. Baxmayaraq ki, münaqişə ilə bağlı qətnamə qəbul olunub. Buna görə də təşkilatlarda struktur islahatları aparılmalıdır”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan dünyada sülhün bərqərar olunması üçün BMT-də islahatların aparılmasının tərəfdarıdır:

“İslahatların aparılması ilə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb edilə bilər. Beynəlxalq münasibətlərdə birqütblü sistem yaradılıb. Bu da birmənalı qarşılanmır. Çoxqütblü sistem yaradılsa, dünyada sabitlik yaradıla bilər”.

17:23

“Avropa tarixən Rusiya və Çin imperiyası kimi uğurlu ola bilməyib. Bu imperiyalar müxtəlif qitələrdə və müxtəlif dövrlərdə yaransalar da, onlar eyni dəyərlər əsasında fəaliyyət göstəriblər. 1945-ci ildə “soyuq müharibə” başladı və 45 il davam etdi”.

Teleqraf.com xəbər verir ki, bunu V Qlobal Bakı Forumunda “İttifaqlar və onların gələcəyi” mövzusunda panel müzakirədə Bolqarıstanın sabiq prezidenti (1997-2002) Petr Stoyanov bildirib.

Eks-prezindet bildirib ki, ABŞ yenə də dünyada yeganə supergüc olaraq qalır:

“Əvvəlki vaxtlarla müqayisədə dövlətlər indi daha çox səy göstərməlidirlər. Bu gün əksəriyyət etiraf edir ki, ABŞ yenə də böyük güc olmaqda davam edir. ABŞ-ın rəsmi ittifaqları ilə yanaşı, qeyri-rəsmi ittifaqları da var. Bu gün ABŞ təqribən 50 dövlətlə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bəs, ən güclü dövlətin gələcək taleyi necə olacaq? Bunu seçki kampaniyası zamanı Tramp açıqlamışdı. Ancaq mən düşünmürəm ki, Trampın NATO ilə bağlı dedikləri həyata keçəcək. Düzdür, ABŞ NATO-ya daha çox pul xərcləyir. Digər NATO ölkələri isə ümumi daxili məhsulun cəmi 2 faizni NATO üçün xərcləyirlər. ABŞ-ın çağırışlarına baxmayaraq, Fransa, Almaniya kimi ölkələr NATO-ya Vaşinqton qədər pul xərcləmirlər. Bununla belə, biz NATO-nun gələcyinə inanırıq və Avropa İttifaqında NATO-nun nə qədər vacib olduğunu görürük. Biz unutmamalıyıq ki, NATO ölkələri təkcə təhlükəsizlik amilinə görə deyil, dəyərlər ətrafında birləşiblər”.

17:00

“Hazırda dünyanın taleyini iki-üç böyük, güclü dövlət təyin edir. Digər ölkələr də sanki qoyun kimi onların göstərdikləri yol üzrə hərəkət etməlidirlər”.

Publika.az xəbər verir ki, bunu V Qlobal Bakı Forumunda çıxışı zamanı Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko bildirib.

O qeyd edib ki, Ukrayna hazırda müharibəyə cəlb olunub:

“Bu gün ukraynalılar Avropa dəyərlərinə görə həlak olurlar. Son illərdə ukraynalılar Avropanın mövqeyindən narazı qalıblar. Avropa Gürcüstanın işğal olunmasına da səssiz qaldı. Avropa Budapeşt sazişi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Avropa bizi təcrid edir, bunu görürük. Bizim əsas problemimiz Rusiya ilə bağlıdır. Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstandakı problemlər və Donbas problemini də bunu nəticəsidir. Artıq Ukrayna kimi ölkələrdə baş verənlər Avropadakı seçkilərə də təsir edir”.

K.Yuşşenko ABŞ-ın keçmiş Prezident Administrasiyasının fəaliyyətini də tənqid edib:

“Cənab Obama bizə kifayət qədər dəstək vermədi. Onun adminstrasiyası kənarda dayanıb Avropanı qabağa vermişdi. Biz cənab Trampdan daha çox dəstək gözləyirilk. Ancaq onun müşavirləri bildirirlər ki, onlar üçün əsas olan kapitalizm, yəhudi dəyərləri və millətçilikdir. Onlar sivilizasiyaların toqquşmasına inanırlar. Onlar islamı nasistlər və kommunistlərlə müqayisə etdilər”.

V.Yuşşenkonun xanımı Donald Tramp administrasiyasının Ukraynaya yardımı qadağan etməsi qərarını da pisləyib:

“Onlar müəyyən təşkilatların işinin dayandırılmasında maraqlıdırlar. Halbuki bu xarici yardım sülhün bərqərar olmasına həsr olunurdu. Bu, Ukraynanı narahat edir. Bu gün Rusiya “parçala və hökm sür” siyasətini uğurla həyata keçirir. Eyni sözləri ABŞ haqqında da demək olar. Amerika Avropaya vahid məkan kimi baxmır. Ayrı-ayrı ölkələrə müxtəlif cür yanaşması var”.

K.Yuşşenko deyib ki, qloballaşmanı dəyişə bilmərik:

“Amma biz qloballaşma ilə məşğul olmağın daha yaxşı yollarını tapmalıyıq. Çox vacibdir ki, Avropa yeni bir liderlik nümayiş etdirsin”.

16:17

Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün Bakıda işə başlayan V Qlobal Bakı Forumuna məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, məktub Forumun açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Krallığının Bakıdakı müvəqqəti işlər vəkili Stefan Makkormik tərəfindən oxunub.

Məktubda qeyd olunur ki, Qlobal Bakı Forumunun artıq beşinci dəfə keçirilməsi, eləcə də bu tədbirin indiki və keçmiş dünya liderlərinin yaxınlaşmasına yardım etməsi ilə əlaqədar Azərbaycanı təbrik etmək olar.

Məktubda deyilir:

“Bu il Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Bu müddət ərzində biz möhkəm və səmərəli münasibətlər qurmuşuq. Biz bir çox vacib məsələlərdə əməkdaşlığımızı möhkəmləndirməyə davam edirik.

Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyəti təcrübə mübadiləsi və bəzi əsas problemlərdə razılığın əldə olunması üçün birləşdirir”.

Xatırladaq ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

15:58

“Bolqarıstan Azərbaycanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirir və dəstəkləyir”.

Publika.az xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev bildirib.

Azərbaycanla Bolqarıstanın strateji və etibarlı tərəfdaş olduğunu vurğulayan R.Plevneliyev deyib ki, Bolqarıstan Cənub Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur:

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan bizim təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq. Biz Azərbaycanın Bolqarıstan və Avropa üçün etdiklərinə görə çox minnətdarıq. Keçmişdə çox layihələr görmüşük. Siyasətçilər çox sözlər veriblər, yalnız Azərbaycan öz sözünü tutub. Azərbaycan iradəli və etibarlı tərəfdaş ölkə kimi ən yaxşı nümunədir”.

Sabiq prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi strateji cəhətdən vacib layihədir:

“Biz Azərbaycandan 1 milyard kub metr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Bolqarıstan gələcəkdə bu layihədə iştirakını artırmaq niyyətindədir”.

15:46

Bu gün Bakıda işə başlayan V Qlobal Bakı Forumu günün ikinci yarısı da işini davam etdirib.

Publika.az-un forumu işıqlandıran əməkdaşı xəbər verir ki, forumda Serbiyanın keçmiş prezidneti Boris Tadiç çıxış edib. B.Tadiç son illərdə qlobal siyasətin uğursuzluğa düçar olduğunu bildirib.

“Biz etiraf edirik ki, son bir neçə il ərzində uğursuzluğa düçar olmuşuq. Ancaq biz sübut etməliyik ki, müxtəlif çətinlikləri dəf etmək iqtidarındayıq”.

Daha sonra Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi Əmr Musa çıxış edib.

O bildirib ki, hazırda bəşəriyyətin üç ifadə ilə bağlı problemləri var. Bunlar siyasi realizm, insan hüquq və azadlıqları təmin olumnası və ikili standartlar problemidir. Biz bu problemlərlə ərəb-İsrail münaqişəsi zamanı şahidi olmuşuq. İkili standartların tətbiqi bütün digər dəyərlərə, prinsiplərə inancın itməısinə səbəb olunb. Deyə bilərsiniz ki, Əmr Musa - misirli və ərəb diplomatı bu paneldə oturmaqla bu problemləri niyə müzakirə edir. Ancaq gəlin biz Avropa İttifaqından həm qərbə, həm də cənuba baxaq. Qərbə baxdıqda, görərik ki, hazırda Avropa İttifaqı Amerika ilə münasibətlərini nəzərdən keçirir. Ancaq Avropa cənuba baxanda bizi - ərəb dünyasını görəcək. Bu baxımdan hamı kimi biz də Prezident Trapmdan yeni şeylər gözləyirik”.

Ə.Musa daha sonra bəşəriyyəti narahat edən digər problemlərə dair öz fikirlərini bölüşüb.

Hazırda forum çıxışlarla davam edir.

Vasif Həsənli