"Almaniyada işləyəcəksən" deyib azərbaycanlıları aldadırlar

31 Mart 2017 16:00 (UTC+04:00)

“Son dövrlər Azərbaycanda bəzi dələduzlar Polşada işçi icazəsi düzəldərək Almaniyada yaşamağın və işləməyin mümkünlüyü haqqında insanlara vədlər verirlər. Bu iddialar və vədlər yalandır, yalnışdır. Bucür məlumatlar əssasızdır, inanmayın”.

Bu barədə azvision.az-a Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev deyib.

Onun sözlərinə görə, Avropa Birliyi daxilində hər bir ölkənin işləmək icazəsi ilə bağlı prosedur qaydaları var.

“Avropa Birliyi ölkələrində çalışmaq icazəsi hər ölkədə demək olar ki, eyni əsaslarla verilir. Lakin Baltikyanı ölkələr, keçmiş postsovet ölkələri, o cümlədən Polşada işləmək icazəsi Avropa Birliyinə daxil olan inkişaf etmiş ölkələrdən asan əldə edilir. İnkişaf etmiş Avropa ölkələri daha çox kualivikasiyalı işçilər tələb edirlər. Polşaya alınan işləmək icasəzi Avropa Birliyi ölkələrində rahat səyahət imkanı verir, lakin digər Avropa ölkələri, o cümlədən Almaniyada işləmək icazəsi vermir. Polşaya alınan işləmək icazəsi sırf o ölkəyə aiddir. Hal-hazırda müəyyən fürsətçilər bundan istifadə edərək insanları aldadır və onlara müəyyən vədlər verirlər. Guya Polşaya alınan işçi icazəsi ilə Almaniyaya gedib işləmək və yaşamaq mümkündür”.

R.Quliyevin sözlərinə görə, artıq bununla bağlı son bir neçə ay ərzində onlarla müraciət daxil olub. “İnsanlar bununla bağlı bəzən bizimlə əlaqə saxlayırlar. Lakin bir çoxları aldanıb Polşaya gəlir, oradan bizə müraciət edirlər ki, belə problemlə üzləşmişik, nə edək?. O zaman gec olduğuna görə, bizim müdaxilə imkanlarımız olmur. İnsanlara xəbardarlıq edirik ki, belə şeylər mümkün deyil. Polşada daxili prosedurlar belədir ki, bir neçə il işlədikdən və vergi ödədikdən sonra orada uzun müddətli oturum almaq olar. Bundan sonra vətəndaşlıq statusu alırlar. Vətəndaşlıq statusunu alsalar, bütün Avropa ərazisində işləmək hüququna malik ola bilərlər. Ancaq yalançı vədlərə inanmasınlar və hüquqşunaslarla məsləhətləşinsinlər. Bəziləri artıq pullarını xərclədikləri və həmin ölkəyə gəldikləri üçün icazəsiz işləyirlər. Bunun cəzası ağırdır. İlk olaraq 20-30 min avro civarında cərimələnir, bu təkrar olunan halda isə həbs olunurlar və ölkədən departasiya olunurlar”.