İŞİD yeni silahlarını sınaqdan keçirir - MƏRUZƏ

26 Aprel 2017 21:37 (UTC+04:00)

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərinin yaxınlığında gedən döyüşlərdə şəxsi istehsalı olan silahın yeni növünü sınaqdan keçirirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın “Conflict Armament Research” (CAR) tədqiqat qrupunun məruzəsində deyilir.

Söhbət əldəqayırma partlayıcı qurğulardan gedir. Partlayıcı qurğu pilotsuz uçuş aparatlarından atıla, rəqibin texnikası və şəxsi heyətinin məhvi üçün istifadə oluna bilər.

Ekspertlər vurğulayırlar ki, İŞİD döyüşçülərində silah istehsalının mərkəzləşdirilmiş sistemi mövcuddur. Terrorçular həmçinin istehsal etdiyi silahların səhra sınaqlarını keçirirlər. Məruzədə qeyd edilir ki, İŞİD şəxsi silahları hazırlayaraq, iki məsələni həll edir. Birincisi, praktik nöqteyi-nəzərdən başqa mənbələrdən əldə edilməsi mümkün olmayan silahın yeni növləri ilə təmin olunurlar. İkincisi, terror qruplaşması “şəxsi brend”lə silah hazırlayaraq öz müstəqilliyini nümayiş etdirməyə çalışırlar.

Dekabrda tədqiqat qrupu bildirib ki, İŞİD döyüşçüləri Mosulda və onun ətrafında sənaye miqyasında silah istehsal edirdilər.

Ömər Dağlı