İlahi missiya: İslamın dirilişi Bakıdan başlanır - TƏHLİL

8 May 2017 13:34 (UTC+04:00)

Bütün müsəlmanları məhv edin, qoy, Allah özü onlarla haqq-hesab çəksin”.

Orta əsrlərdə İslam dünyasına qarşı başlanan “Səlib yürüşləri”ndə rahiblərin bu çağırışı bu gün Avropanın “Miqrantları dənizə tökün, boğulub, boğulmayacaqları bizi maraqlandırmır” (Belçikanın miqrantlarla iş üzrə naziri Theo Françen belə demişdi) şüarı fonunda yenidən “doğulur”. Və əsrlər sonra İslamın içdən fəth edilməsi təhlükəsi ortadadır: Yaxın Şərqdə yaşananlar, din pərdəsinə bürünmüş terror təşkilatları, çöllərə düşən müsəlmanların qaranlıq taleyi, onların nicat apardıqları Avropada PEGİDA (Qərbin islamlaşmasına qarşı vətənsevər avropalılar) kimi nasist xislətli qrupların ovuna çevrilməsi, məscidlərin murdarlanması, öldürülən körpələr... dəhşətli mənzərələr...

Həqiqətən dəhşətlidir, lakin məsələ xristianla müsəlmanın bir yerdə yaşaya bilməməsi deyil... Səbəb heç o da deyil ki, ərəblərin Əndəlusu (indiki İspaniya ərazisi) fəth etməsinin qorxusu hələ də Avropanın canından çıxmayıb.

Səbəb sülh dini olan İslamın özlərini “müharibə Allahı” hesab edən qüvvələrin qarşısında sədd çəkməsidir... Səbəb bərəkətli İslam dünyası üzərində hakimiyyət qurmaq ehtirasıdır. Və bu qüvvələr sadə avropalının gözünə İslamı “bədheybət” göstərmək, islamafobiyanı gücləndirmək üçün terrordan tutmuş, ən mənfur yollaradək hər şeyə əl atırlar. Onlara görə, “müsəlman terrorçudur” və xristianlarla bir yerdə yaşaya bilməz.

Bu həqiqət ola bilərmi?!

...2015-ci ilin soyuq yanvar günündə iki gənc kilsənin yolunu qardan təmizləyərək, ibadətə gələn insanlara yol açırdı. Onlar xristian deyildi, sadəcə, Allahın yaratdığı bütün canlıları sevən müsəlmanlar idi.

9 yanvarda kilsə yolunun qardan təmizlənməsi həmin tarixdən iki gün öncə Fransada baş verən terrordan sonra müsəlmanlara qarşı başlayan hücuma ən gözəl cavab idi. Dünyanın mədəniyyət paytaxtı hesab olunan Parisdə müsəlmanlar təqib olunur, məscidlər yandırılır, İslamın peyğəmbəri təhqir edilirdi.

Parisdən çox uzaqlarda isə kilsəyə gedən yol iki müsəlman gəncin əlindəki bellə təmizlənirdi...

Bura nə İslam fundamentalizminin hökm sürdüyü Yaxın Şərqdir, nə də “demokratik dəyərlər” ifraz edən Avropa. Bura Bakıdır və o, iki gənc azərbaycanlıdır. Dünyaya bu qədər sadə və gözəl humanizm örnəyi yalnız Azərbaycan göstərə bilərdi. Çünki bu ölkə əsrlər boyu hər kəsin dini inancına, etnik tərkibinə hörmətlə, sevgi ilə yanaşıb.

Azərbaycan torpaqlarına hopmuş bu sevgi həm də sadə avropalının ürəyinə müsəlman qorxusu salanlara, İslam dünyasına hücum edənlərə təkzibedilməz cavab idi...

Bu gün nifrətin, islamafobiyanın doğulduğu Avropanın - “Köhnə Qitə”nin üfunət iyi verən dairələrinin qarşısında duruş gətirmək, ayaqda qalmaq üçün İslam dünyasının bütövləşməsinə, həmrəy olmasına heç vaxt olmadığı qədər əşhədü-ehtiyac var.

İslam bombalanaraq yenidən qurula bilməz. İslam içərindən fəth edilməlidir”.

“The Ekonomic” jurnalının 2015-ci ildə yazdığı bu ifadələr də anti-İslam dairələrin hədəflərini açıq şəkildə göstərir.

(“The Ekonomic” jurnalının dünyanın idarəsində xüsusi paya sahib olan Rotşildlərə məxsus olduğu faktı diqqətdən qaçmamalıdır).

Məhz fəth olunmamaq üçün İslamın bir olması, həmrəy olması vacibdir. Birlik dirilik deməkdir və əminliklə deyə bilərik ki, İslam həmrəyliyi sivilizasiyaların bir ailə kimi yaşadığı, dinlərin qovuşduğu Azərbaycan torpaqlarında diriləcək, mayın 12-22 tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslamın bütövləşməsi, birləşməsinin başlanğıcı olacaq.

Çünki, Prezident İlham Əliyevin təbirincə desək, “Bu, tək idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisidir. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq içərisində yaşamasına töhfə verir”.

Diriliş niyə Bakıdadır: İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qərar 2001-ci ildə İslam Əməkdaşlığı Təşkilatının iclasında verilib. İlk oyunlar 2005-ci ildə müqəddəs Məkkə şəhərində baş tutub. Növbəti oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. Bu sayca III oyunlar idi. Bəs, II oyunların taleyi necə oldu? İslam Həmrəyliyi Oyunlarının tarixində II oyunların qarşısı niyə boş buraxılıb? Məhz bu sualın cavabı İslam həmrəyliyinin dirilişinin Bakıda olduğunu göstərir.

II İslam Həmrəyliyi Oyunları 2009-cu ildə İranda keçiriləcəkdi. Rəsmi Tehran hətta oyunların keçirilməsinə 10 milyon dollar vəsait də xərcləmişdi. Lakin son anda elə İranın özü oyunların keçirilməsini ləğv etdi. Səbəb İranla ərəb ölkələri arasında loqotipə və medalların üzərinə “fars” sözünün yazılmasına görə yaranmış fikir ayrılığı idi. Bu fakt İslam dünyasında fikir ayrılığının ən bariz nümunəsi idi. Siyasi arenada üz-üzə gələn müsəlman ölkələri sülhün rəmzi olan idmanda da razılaşa bilməmişdilər. Və İslamın ən böyük bəlası olan məzhəb savaşının acı nəticəsi...

Bu qarşıdurma hələ də davam edir: İslam dünyası Suriyada Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Körfəz ölkələri ilə İranın və onun təsirindəki şiə hakimiyyətlərinin olduğu ölkələrin bitməyən maraqlar savaşı, həmçinin, yenə Suriyada Türkiyə-İran qarşıdurması kimi arzuolunmaz mənzərə ilə üz-üzədir. Yəməndə Tehran və Ər-Riyadın dəstəklədiyi cəbhələr arasında vətəndaş müharibəsi ölkəni qan gölünə çevirib. Digər İslam ölkələri arasında da münasibətlər ürəkaçan deyil. Belə bir vəziyyətdə İslam dünyasını birləşdirmək, bu ölkələrin idmançılarını bir araya gətirərək, cəmiyyətlər arasındakı buzları əritmək, həmrəyliyin dirilişini təmin etmək üçün Azərbaycanın üzərinə mühüm missiya düşür.

Çünki Azərbaycan qonşu İranla yanaşı, Körfəz ölkələri ilə də sıx münasibətlərə malikdir və bu, ona İslam dünyasının iki qütbü arasında körpü rolunu oynamaq imkanı verir; Azərbaycanda bütün dinlər öz iradələrini azad şəkildə həyata keçirdiyi kimi, İslamın iki böyük məzhəbinin – sünni və şiə - də eyni məsciddə ibadət edə bildiyi mühit var; 2016-cı ilin 15 yanvarında Heydər Məscidində qılınan Vəhdət namazı bunun nümunəsi idi; Və unudulmamalıdır ki, əsrlərdir ayrı-ayrı namaz qılan iki böyük məzhəb məhz Bakıda – Heydər Məscidində bir araya gələrək, Allaha üz tutdular; Göründüyü kimi, Azərbaycan İslam dünyasının ehtiyacı olan həmrəyliyinə nail olaraq, İslama qarşı hücumların dəf edilməsi gücünə sahibdir.

Bütün bunların fonunda, İslam Həmrəyliyi İdman Federasiyasının 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı təsadüfi deyil. Belə demək mümkünsə, bu qərar İslam həmrəyliyinin dirilişi ola bilər.

12-22 may tarixlərində Bakıda 1,5 milyard insanın yaşadığı 57 ölkədən 5 minə qədər idmançı 21 idman növü üzrə mübarizə aparacaq: Ağır atletika, Atıcılıq, Basketbol, Bədii Gimnastika, Boks, Cüdo, Futbol, Güləş, Həndbol, İdman Gimnastikası, Karate, Stolüstü tennis, Su polosu, Suya tullanma, Taekfando, Tennis, Uşu, Üzgüçülük, Voleybol, Yüngül atletika, Zorxana.

İslam dünyasının 5 minə yaxın idmançısı təmsil etdikləri 57 ölkəni məhz Azərbaycan paytaxtında birləşdirəcəklər. Təsəvvür edin: siyasi qarşıdurmaların olduğu ölkələrin idmançıları Bakıda eyni arenada yarışır, eyni süfrənin başına toplaşır, eyni havanı udur, eyni SUYU içir. Bu, birliyin, həmrəyliyin dirilişi deyilmi?!

SU – IV İslam Həmrəyliyi Oyunlarının rəmzi: bu seçim təsadüfi deyil. Bu gün İslam dünyasına su kimi şəffaf, təmiz münasibətlər lazımdır.

Prezident İlham Əliyevin sözləri bu kontekstdə diqqət çəkir: “İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.

Azərbaycan lideri bununla həm də dərin bir mesaj verir: Təbiət və insan susuz yaşaya bilmədiyi kimi, İslam dünyası da birlik, həmrəylik olmadan yaşaya bilməz. Günümüzün siyasi reallıqları bunu tələb edir.

Və Prezident İlham Əliyev, “Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”, - deməklə həmrəylik mesajını tamamlayır.

Azərbaycan bunu bacaracaq:

Məkan: Bu gün Azərbaycanın İslam dünyasının birləşdirə bilmək potensialı, iradəsi və gücü var. Çünki bura bütün dinlərin qardaş olduğu, bütün məzhəblərin birləşdiyi, heç kimin heç kimdən üstün olmadığı, İslamın təşəkkül tapdığı ölkədir. Və belə bir məkanda idmanın sülh missiyası heç bir mane olmadan həyata keçəcək.
Təcrübə: Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsində ən vacib faktor olan zəngin təcrübəsi, güclü ənənəsi var. 2012-ci ildə Bakı “Eurovision” mahnı müsabiqəsinin tarixinə ən möhtəşəm təşkilatçılıq təcrübəsini yazdı. 2015-ci ildə yenə Bakıda I Avropa Oyunlarının əsası qoyuldu. Bunun fonunda son 10 ildə Azərbaycanda 300-dən artıq beynəlxalq idman yarışı keçirilib.
İfrastruktur: Bakı Olimpiya Stadionu, Bakı Su İdman Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, Azal Arena, Dalğa Arena, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Tofiq Bəhrəmov adına Respublika Stadionu. Bu idman infrastrukturunun çoxu son illər ərsəyə gəlib, digərləri isə yenidən bərpa olunub. Lakin bunlar təkcə paytaxtın idman infrastrukturudur. Respublikanın hər bir bölgəsində olimpiya mərkəzləri fəaliyyət göstərir, həmçinin, onlarla xüsusi profilli idman mərkəzləri mövcuddur.

Təhlükəsizlik: Azərbaycanda indiyə qədər keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərdə heç vaxt təhlükəsizlik problemi yaşanmayıb. Bunun əsas səbəbi ölkədə sabitliyin olmasıdır. Lakin bu da faktdır ki, mövcud sabitliyə baxmayaraq, təhlükəsizlik tədbirləri həmişə ən yüksək səviyyədə olub. Artıq sayılı günlər qalmış İslamiadada təhlükəsizliyin təmin olunması üçün bütün tədbirlər həyata keçirilib.

Və bütün bunların fonunda TƏŞKİLATÇILIQ amili əsas faktordur:

Azərbaycan indiyə qədər ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə tanınıb. Bu tədbirlərdən ən genişmiqyaslı olanları “Eurovision-2012” və I Avropa Oyunları olub. Hər iki tədbirin təşkilatçılığı ilə Azərbaycan dünyada yeni təcrübə brendi yaratdı. Bu gün bir sıra Qərb və Şərq ölkəsi Azərbaycan təcrübəsini öyrənir.

Burada bir amil də xüsusi diqqət çəkir: İndiyə qədər uğurla təşkil olunmuş beynəlxalq miqyaslı tədbirlərin Təşkilat Komitəsinin sədri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olub. Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə 4-6 may tarixində Bakıda 700-ə yaxın dövlət və hökumət başçıları, beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu sonuncu nümunə kimi qeyd etmək olar. Məhz təşkilatçılıq bacarığına görə, Mehriban xanım Əliyeva Prezident İlham Əliyev tərəfindən IV İslam Həmrəylik Oyunlarının da Təşkilat Komitəsinin sədri təyin olundu. Əvvəlki təcrübə, xüsusilə Olimpiya Oyunlarının təşkilatçılıq səviyyəsini də geridə qoyan I Avropa Oyunları sübut edir ki, bu doğru seçimdir.

Birinci Avropa Oyunlarında əldə edilmiş təcrübə əlbəttə ki, bizə kömək göstərəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaqdır”.

Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin 2015-ci ilin 23 sentyabrında keçirilən ilk iclasında dediyi bu sözlər də seçimin doğru olduğunu bir daha göstərir.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin 2017-ci ilin 21 aprel tarixində keçirilən yekun iclasında Mehriban xanım Əliyeva bütün təşkilati işlərin başa vurulduğunu elan etdi. Həmin iclasda Mehriban xanım Əliyeva həm də Azərbaycanın təşkilatçılıq təcrübəsinə ən böyük qiyməti verdi: “Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq”.

Bəli, Azərbaycan hər kəsin “dünya standartı” adlandırığı kriteriyaların fonunda öz standartlarını təqdim edir: Müasir, özünəməxsus və kreativ.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycana iki istiqamət üzrə qazanc gətirəcək: Siyasi və iqtisadi.

Siyasi qazanc:

- Yarışları 50-dən çox ölkədə 1 milyarddan artıq tamaşaçı izləyəcək. Bu, Azərbaycanın təbliği üçün əlverişli imkandır.
- Bu yarışlar Azərbaycanın İslam dünyasında nüfuzunu daha da möhkəmləndirəcək.
- Oyunlar zamanı yaranacaq əməkdaşlıq beynəlxalq siyasi arenada bizə dəstək verən ölkələrin sayını artıracaq.
- Bu oyunlar Dağlıq Qarabağ həqiqətlərinin tanınması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığı haqq mübarizəsinə mühüm töhfə olacaq.
- Bununla yanaşı, Azərbaycanda multikultural dəyərlərin təbliği baxımından bu oyunlar mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın multikulturalizm modelinin İslam aləminə yayılmasında və ölkəmizin cəlbedici mərkəzə çevrilməsində əsas faktordur. Beynəlxalq mədəni və idman tədbirləri siyasi diplomatiyada uğur qazanmağa təsir edən amillərdir. Biz, I Avropa Oyunlarında bunun şahidi olduq. İslamiada bu prosesin davamı olacaq.

İqtisadi qazanc:

- Oyunlara satılan biletlər, reklam çarxları, yayım hüququnun satılması kimi imkanlar Azərbaycanın əldə edəcəyi ilk iqtisadi qazancdır.
- Oyunların keçirilməsi Azərbaycanın idman turizminə ciddi dəstək olacaq. Dünya təcrübəsinə görə, idman turizmi bu sektorun digər növləri ilə müqayisədə daha gəlirlidir. Çünki idmanın böyük azarkeş kütləsi var və bu kütlə pul xərcləməyə heç vaxt xəsislik etmir. Beləliklə, 57 ölkədən idmançılarla yanaşı, böyük azarkeş kütləsi turist qismində ölkəmizə gələcək. Bu, hər şeydən öncə xarici valyutanın ölkəyə axınını təmin edəcək. Hansı ki, dünya iqtisadiyyatının aşağı tempi fonunda xarici valyuta axını Azərbaycan iqtisadiyyatının inkişafında “damarlara vurulan qan” rolunu oynaya bilər.
- Bunlar təkcə oyunlar zamanı əldə edəcəyimiz qazanclardır. Lakin bu idman hadisəsi Azərbaycan iqtisadiyyatının ən azı iki istiqamət üzrə perspektiv imkanlarını artıracaq.
1. Turizm: Son illər İslam ölkələrindən Azərbaycana turizm axını güclənib. Lakin oyunlar zamanı Azərbaycanın gözəlliyi, turizm imkanları ən azı 1 milyard insan qarşısında təbliğ olunacaq. Bu, önümüzdəki dövrdə gələn turist sayının dəfələrlə artmasına şərait yarada bilər. Fikrimizcə, turizm mövsümünün açılışı ərəfəsində baş tutacaq oyunlardan sonra turist axınının ciddi yüksəlişinin şahidi olacağıq.
2. İnvestisiya: Xarici investorlar öz maliyyə resurslarını adətən sabit və münbit biznes mühiti olan ölkələrə yatırır. İslamiada Azərbaycanın həm də bu imkanlarını 57 ölkəyə nümayiş etdirəcək. Ərəb ölkələrindən Azərbaycana investisiya qoyuluşunun həcmi son dövrlər artıb. Bu oyunlardan sonra isə ölkəyə gələn investorların sayında da ciddi artımların olması gözləniləndir.

Azərbaycanın dividentləri göz önündədir. Lakin İslam dünyasının qazancı daha böyük olacaq:

1. İdmanda birlik siyasi münaqişələri ən azı yumşaldacaq.
2. Fikir ayrılıqları olan ölkələrə dialoq mühiti yaradılacaq. Bu, gələcəkdə onların bir araya gələrək, problemləri silahla yox, danışıqlarla həllinin əsasını qoya bilər.
3. Və bütün dünya, xüsusilə İslama qarşı yeni “Səlib yürüşü” başlayanlar müsəlman aləminin birliyinin, həmrəyliyinin şahidi olacaq. Bakıdan veriləcək ən mühüm mesaj məhz budur.


Bu baxımdan, İslamiadada əsas məsələ bir ölkənin qazancları ilə yekunlaşmır. Axı İslam dünyasının var olması, güclü olması, bir olması həm də Azərbaycanımızın gələcəyi üçün vacibdir. Artıq başlanğıca sayılı günlər, saatlar qalıb. Və inanırıq ki, 12 may tarixi İslam dünyasında həmrəyliyin də başlanğıcı olacaq. Azərbaycan bu İlahi missiyanın öhdəsindən layiqincə gələcək...

Asif Nərimanlı