Qərb Universitetinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilir

2 İyun 2017 02:30 (UTC+04:00)

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edir.

Bu gün Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans işə başlayıb.

Publika.az xəbər verir ki, konfransın plenar iclasını açıq elan edən Qərb Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov qonaqları salamlayaraq konfransın mövzusu barədə məlumat verdi, onun əhəmiyyəti və mövzunun aktuallığını şərh edib.

Qərb Universitetin rektoru professor Andris Leitas konfransın proqramı, əhatə etdiyi istiqamətlər və miqyası barədə məlumat verib. Rektor bildirib ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq, müzakirələr aparılacaq.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə tolerant mühitin bütün dünya üçün nümunə ola biləcəyini qeyd etdi və vurğulayıb ki, bu mühit ölkənin təhsil sistemində də özünü göstərir, müxtəlif xalqların nümayəndələri ölkəmizdə öz dillərində təhsil ala bilirlər.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai konfransın əhəmiyyətini vurğulayıb, bütün dünyanı qayğılandıran sülh və təhlükəsizliyin təmin olunması üçün qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mard Malena münaqişələrin beynəlxalq inteqrasiyada əsas təhlükə olduğunu diqqətə çatdıraraq konfransın əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun, Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadənin, TÜRKSOY-un baş katibi Düsein Kaseinovun, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının rektoru Urxan Ələkbərovun, Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdel Kareemin və İndoneziya Respublikasının Azərbaycandkı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin çıxışlarında da konfransın əhatə etdiyi ayrı-ayrı istiqamətlərə toxunulub, konfransın əhəmiyyəti qeyd edilib. Beynəlxalq konfrans iyunun 2-də də davam edəcək, bölmə iclaslarında mühazirələr dinləniləcək, müzakirələr aparılacaq.