Putin “Makronun düsturu”nu qəbul edəcəkmi? - Prezidentlərin DÖRD DÖYÜŞÜ - VİDEO

7 İyul 2017 14:52 (UTC+04:00)

Bu gün Almaniyanın Hamburq şəhərində G20-yə (“Böyük iyirmilik”) üzv ölkələrin sammiti başlandı. Sammitin kifayət qədər gərgin müzakirələr üçün meydança olacağı dəqiqdir. Problemlərin sayı artıb və onların coğrafiyası Suriya və Ukraynadan Koreya Xalq Demokratik Respublikasına (KXDR) qədər genişlənib. Sammitin bir nömrəli hadisəsi heç şübhəsiz ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin birinci görüşü olacaq.

Publika.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə 17:45-də başlayacaq və yarım saatdan bir saata qədər davam edəcəyi gözlənilir.

Sammitdə dörd işgüzar sessiya keçiriləcək. Birinci sessiyada qlobal iqtisadi artım və ticarət xüsusilə aktual mövzu olacaq. İqlim dəyişiklikləri ikinci sessiyanın mövzusudur. Bu problem ABŞ-ın Paris İqlim Razılaşmasından çıxmasından sonra xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

Üçüncü sessiya miqrasiya böhranıdır. Nəhayət, dördüncü sessiya rəqəmli iiqtisadiyyat və onun məşğulluğa təsirinə həsr ediləcək.

Rusiya-ABŞ

Bir neçə ay idi ki, Moskva və Vaşinqton G20 sammitində Putin və Trampın görüşünün mümkünlüyündən danışırdı. Nəhayət, Ağ Ev iyunun 29-da görüşün keçiriləcəyini elan etdi.

“Gazeta.ru” yazır ki, Putin Suriya və Ukraynada münaqişələrin nizama salınması məsələlərini qaldırmaq niyyətindədir. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, çətin ki, Rusiya prezidenti Ukraynadakı vətəndaş müharibəsinin səbəblərini tam şəkildə anlada biləcək. Bununla belə, Peskov vurğulayıb ki, Rusiya prezidenti Donbas münaqişəsinin həllində Minsk prosesinin alternativinin olmadığını növbəti dəfə izah etmək imkanından istifadə edəcək.

Putinin köməkçisi Yuri Uşakov ümid etdiyini ifadə edib ki, görüşdə ABŞ-da Rusiya diplomatik missiyasının əmlakına qoyulan həbs ətrafında yaranan münaqişənin həlli üçün addımlar atılacaq.

Bir gün əvvəl ABŞ-ın dövlət katibi Reks Tillersonun adından yayılan bəyanatda deyilir ki, ABŞ və Rusiya bir sıra məsələlər üzrə fikir ayrılıqlarına baxmayaraq, Suriyada səylərin koordinasiyası üçün potensiala malikdir. Politoloq Aleksey Makarkin hesab edir ki, Suriya Tramp və Putinin hələlik razılaşa biləcəyi tək istiqamətdir. Eyni zamanda o qeyd edir ki, Trampın imkanları son dərəcə məhduddur.

“Amerika dövlət elitası, qanunvericilər və sair heç bir güzəşt istəmirlər”, - Makarkin vurğulayıb.

Politoloqun fikrincə, ABŞ Ukrayna məsələsində ehtiyatlı olacaq: “Ukrayna məsələsi müzakirə ediləcək, amma mövqelər o qədər müxtəlifdir ki, razılaşmaq çətin ki, alınsın. Trampa konkret nəticələr və müvəffəqiyyətlər lazımdır. Bu, Ukrayna üzrə mümkün deyil. Ehtimal ki, Şimali Koreya böhranını müzakirə edəcəklər. Bu problem indi Vaşinqton üçün daha əhəmiyyətlidir”.

Rusiya-Fransa

Sammitdə Putinlə Fransa prezidenti Emmanuel Makronun ikitərəfli görüşü gözlənilir. Görüşdə müzakirə ediləcək məsələlərdən biri Ukraynanın şərqindəki böhranın həllidir. Ölkələrin mövqelərində bu məsələ ilə bağlı ziddiyyətlər var. Daha əvvəl Makron bildirib ki, Rusiya qonşu ölkəyə qarşı təcavüzkar siyasət yürüdür. Kreml Makronun mövqeyi ilə razılaşmadığını bəyan etdi.

Ukrayna prezidenti Pyotr Poroşenko iyunun sonunda Parisdə Makronla görüşdü. “Makron düsturu”, yəni Donbas münaqişəsinin nizama salınması üzrə “yola xəritəsi” danışıqların nəticəsi oldu.

Rusiyalı senator Aleksey Puşkov “Gazeta.ru” ilə söhbətində bildirib ki, “Makron düsturu” Kiyevin tərəfində olan qərb ittifaqının qurduğu oyunun ssenarisidir. O həmçinin “Makron düsturu”nda Kiyevlə “bərabər səviyyə”də münaqişə tərəfləri olan (Rusiya özünü münaqişə tərəfi hesab etmir –red.) “LXR” və “DXR”-in (Ukraynanın şərqində yaradılan separatçı rejimlər-red.) maraqlarının nəzərə alındığıdan şübhə etdiyini bildirib.

Makarkin isə hesab edir ki, Makronla Putinin görüşündən hansısa bir sıçrayış gözləmək lazım deyil. Ekspertin sözlərinə görə, “Makron düsturu”nun reallaşması “DXR”, “LXR” və Rusiya üçün qəbuledilməz ola bilər.

ABŞ-Almaniya

Tramp və Almaniya kansleri Angela Merkel arasında da bir sıra ciddi ziddiyyətlər mövcuddur. Onlar müasir qərb siyasətinin iki əks istiqamətini təcəssüm etdirirlər: yeni sağ və ənənəvi demokratik dəyərlər.

Merkel vurğulayır ki, ABŞ Paris İqlim Razılaşmasından çıxmasına baxmayaraq, Avropa İttifaqı bu sazişin müvəffəqiyyətli icrası məsələsində heç vaxt olmadığı kimi qətiyyətlidir. Kanslerin sözlərinə görə, bu məsələ bəşəriyyət üçün ekzistensional çağırışdır.

Ötən həftə məlum oldu ki, Ağ Ev Avropa ölkələrinin ABŞ-a ixrac etdiyi məhsulların idxal rüsumlarının 20 faizə qədər artırılmasını müzakirə edir. Bu, Avropa bazarına güclü zərbə vura bilər. Ancaq terrorizmlə mübarizə və Şimali Koreyanın növbəti raket sınaqları əməkdaşlıq üçün ümumi məsələlər ola bilər.

Bundan başqa, kansler Trampı iqtisadi proteksionizmə (dövlətin iqtisadi siyasətinin milli istehsalın dəstəklənməsinə yönələn addımdır - red.) görə tənqid edib. Merkelin sözlərinə görə, bu səhv strategiyadır və hamıya ziyan vurur.

Merkel Trampla danışıqlarda bir sıra suallar üzrə razılığa gələcəyinə söz verib.

ABŞ-Çin

Sammitdə həmçinin Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşü gözlənilir. Ölkələrin arasında Trampın ticarət siyasətinin proteksionizm xarakterinə əsaslanan ziddiyyətlər var. Bundan başqa, Pekinin ekstremal narazılığı Vaşinqtonun Tayvana silah çatdırması ilə bağlıdır.

Həmçinin münasibətlərdə əngəl daşı Şimali Koreya problemi ola bilər. ABŞ təkid edir ki, Çin Şimali Koreyanın əsas ticarət partnyoru olaraq (Şimali Koreyanın xarici ticarət dövriyyəsinin təxminən 80 faizi Çinin payına düşür - red) Pxenyana siyasi və iqtisadi təzyiq rıçaqlarından istifadə edə bilər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli iyunun 5-də bildirib ki, Vaşinqton Pxenyana qarşı hərbi güc tətbiq edə bilər. Pekin isə problemin həllinin diplomatik vasitələri dəstəkləyir.

Si Cinpin bu günlərdə Moskvaya səfəri zamanı rusiyalı həmkarı Putinlə Koreya böhranını müzakirə edib. Liderlər böhranın diplomatik vasitələrlə həllinə alternativin olmadığına dair birgə bəyanatla çıxış ediblər.

Ömər Dağlı