Düşmənə ağır ZƏRBƏ, iflasa uğrayan DANIŞIQLAR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

7 İyul 2017 20:00 (UTC+04:00)

Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib. Erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum etməsi bu ölkənin ictimaiyyətində müharibə qorxularını artırıb. “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi Azərbaycanın iki mühüm təklifi ilə qəbul edilib. Bu gün Almaniyanın Hamburq şəhərində G20-yə (“Böyük iyirmilik”) üzv ölkələrin sammiti başlanıb. İsveçrədə iyunun 28-də başlanan 10 günlük Kipr Konfransı nəticəsiz başa çatıb.

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədi ilə döyüşə hazırlıq vəziyyətinə gətirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

"Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Ermənistan tərəfi rəsmi olaraq itkilərini təsdiqləyib. Məlumata görə, erməni hərbi birləşmələrinin hərbiçiləri 1969-cu il təvəllüdlü Robert Qasparyan, 1997-ci il təvəllüdlü Ambartsum Arutunyan və 1998-ci il təvəllüdlü Vahe Badalyan məhv edilib. Ermənistan digər itkilərini gizlədib.

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib. Toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.

ATƏT PA Azərbaycanın təklifini qəbul etdi

Erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək iki yaşlı Zəhranın və nənəsini qətlə yetirməsi bu ölkənin ictimaiyyətində müharibə qorxularını artırıb. Erməni jurnalist Sarkis Artsruni müharibənin başlayacağı haqda yazıb.

Erməni jurnalist qeyd edir ki, “biz müharibəyə yaxınlaşdıq və bu, Ermənistan üçün böyük təhlükə ola bilər”.

“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda MÜHARİBƏ QORXUSU

“Müharibə zamanı biz elit hərbi potensialımızı itirdik”. Bu barədə Ermənistanda informasiya texnologiyaları müəssisələri ittifaqının direktoru Karen Vardanyan deyib.

Onun sözlərinə görə, bu gün erməni ordusunda hərbi sənayedən anlayışı olan yoxdur: “Biz müharibədə Ermənistanın gələcəyini görən alimlərimizi, Leonid Azqaldyanı, Movses Qorqisyanı və digərlərini itirdik. Onlar hərbi elitamız idi. Bu gün orduda texnologiyanı tətbiq etmək imkanı olan heç kim yoxdur”.

Lakin K.Vardanyan bu itkiləri nə vaxt verdiklərini açıqlamayıb.

ABŞ-ın “The Washington Post” nəşri Ermənistanın Füzuli rayonunun Alxanlı kəndində mülki azərbaycanlılara hücumu haqda yazıb. Nəşr Qarabağ münaqişəsində müharibənin yenidən alovlana biləcəyini vurğulayır.

Qarabağda tammiqyaslı döyüşlər BAŞLAYA BİLƏR - ABŞ-dan MÜHARİBƏ XƏBƏRDARLIĞI

"Dünya ölkələrinin yalnız yarısı kibertəhlükəsizliyin təmin olunmasının lazımi strategiyasına malikdir". BMT-nin nəzdində olan Beynəlxalq Telekommunikasiya İttifaqının dünyada kibertəhlükəsizliyə dair son vəziyyətlə bağlı “Global Cybersecurity Index” adlı yeni məruzəsində belə deyilir.

Hesabata əsasən Azərbaycan dünya reytinqdə 48-ci yerdə qərarlaşıb. Azərbaycanın qonşuları Türkiyə 43-cü, İran 59, Ermənistan isə 111-ci yerdədir. Siyahıda ümumilikdə 165 ölkənin adı var

Azərbaycan 48, Ermənistan 111-ci yerdə - TƏHLÜKƏSİZLİK REYTİNQİ

Bu gün Almaniyanın Hamburq şəhərində G20-yə (“Böyük iyirmilik”) üzv ölkələrin sammiti başlandı. Sammitin kifayət qədər gərgin müzakirələr üçün meydança olacağı dəqiqdir. Problemlərin sayı artıb və onların coğrafiyası Suriya və Ukraynadan Koreya Xalq Demokratik Respublikasına (KXDR) qədər genişlənib.

Putin “Makronun düsturu”nu qəbul edəcəkmi? - Prezidentlərin DÖRD DÖYÜŞÜ - VİDEO

İsveçrədə iyunun 28-də başlanan 10 günlük Kipr Konfransı nəticəsiz başa çatıb. Bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu danışıqların nəticələrinə görə keçirilən mətbuat konfransında deyib.

“Türkiyə üzərinə düşən hər şeyi edib. “Annan Planı”nın da təəssüf ki, yunanlar tərəfindən rədd edilməsinə baxmayaraq, Kipr probleminə ədalətli, hərtərəfli və davamlı bir həll tapmaq üçün hər cür töhfə verdik. Bundan başqa, adanın türk tərəfinin bu müddətdə nümayiş etdirdiyi konstruktiv rolu təqdir etmək lazmdır. Təəssəf ki, danışıqlar nəticəsiz yelunlaşdı”, - türkiyəli nazir bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib ki, bu nəticə BMT-nin parametrləri çərçivəsində bir həllin qeyri-mümkünlüyünü ortaya qoyub: “Artıq bu parametrlərdə israr etməyin də bir mənası qalmayıb”.

Ömər Dağlı