Evə qadın gətirirdi, səsə yata bilmirdik - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

11 İyul 2017 19:44 (UTC+04:00)

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 57 yaşlı Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan edib. İttihama görə, Səxavət Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək onu qətlə yetirib.

Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.

Cinayətin baş verməsinə səbəb birinci mərtəbədə yaşayan Ağdam rayonundan olan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovun ikinci mərtəbədə yaşayan qonşusu Cəbrayıl rayonundan olan məcburi köçkün Səxavət Məmmədovu narahat etməsi olub.

Müşfiq Şükürov gecə saatlarında belə televizor və maqnitafona yüksək səs verərək qonşularını narahat edirmiş. Səxavət Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra onların arasında mübahisə qızışıb. Dava zamanı Səxavət Məmmədov balkondan götürdüyü şişlə qonşusunu öldürüb.

İttihama münasibət bildirən Səxavət Məmmədov özünü təqsirli bilməyib. Səxavət Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyini deyib: “Bunlar azmış kimi Müşfiq sakinləri də təhqir edirdi. Mənim onu öldürmək niyyətim olmayıb. Amma onun hərəkətlərindən hər kəs bezmişdi. Bütün günü içirdi. Gecə televizorun səsini elə verirdi ki, yata bilmirdik. Mən özüm iki dəfə əməliyyat olunmuş adamam. Ağrılardan gözümü güclə yuma bilirəm. Onun söyüşlərinə görə qonşular adından baş prokurora müraciət də edilib. Həmin müraciətin sürətini məhkəməyə təqdim edə bilərik. Bu adam hamımızı bezdirmişdi. Siz də məni bağışlayın, evə o qədər əxlaqsız qadın gətiridi ki. Dəfələrlə demişəm ki, hərəkətlərinə fikir ver. Binada qadın, uşaq var. Mən özüm namaz qılanam, ailə üzvlərim də ibadət edir. Həmişə yoldaşım məni şakitləşdirirdi ki, əsəbləşməyim. Amma hadisə belə oldu”.

Səxavət Məmmədov onun hərəkətlərindən polisə də şikayət edib: “Polisə ərizə yazdım, sonra dəfələrlə xahiş elədilər, bacısı evimizə gəldi ki, onu bağışlayaq. Mən də şikayətimi geri götürdüm. Həm də Müşfiq heç öz ailəsi ilə də yola getmirdi. Anası və qardaşı ilə bir yerdə yaşayırdılar. Sonra onlar evdən çıxdı. Səbəb də Müşfiqin hərəkətləri idi. Bunu qonşular da təsdiqləyə bilər. Amma mənim və ailəmin Müşfiqin anası ilə münasibətimiz yaxşı idi. Ona hörmət edirdik”.

Səxavət Məmmədov bildirib ki, gecə saat 2-də qonşusunun səs-küyünə oyanıb: “Səsdən yatmaq mümkün deyildi. Yuxudan oyanıb aşağı düşdüm. Qapını döyüb sakit olmasını tələb etdim. Yenə başladı ağzına gələn söyüşü söyməyə, dedi əcəb edirəm. Dedim ki, gedib işığını kəsəcəm. Müşfiq “var-yox” söyüşü etdi. Bu səbəbdən ikinci mərtəbədən işıqlarını kəsdim. Bu zaman Müşfiq bıçaqla ütümə gəldi, yenə də söyüş söyürdü. Mən də balkondan kabab bişirəndə istifadə etdiyimiz şişi götürdüm. Həmin vaxt ora qaranlıq idi, onu vurmaq istəmirdim. Üstümə gələndə 2-3 dəfə şişi itələdim”.

Qətlə yetirilən Müşfiq Şükürovun hüquqi varisi kimi tanınan Ramin Şükürov bildirib ki, qətli törədənin qonşusu Səxavət olduğunu eşidəndə inanmayıb: “İndi də inana bilmirəm ki, Səxavət belə bir iş görüb. Bizim münasibətlərimiz yaxşı olub. Qonşu kimi hörmətsizliklərini görməmişəm. Qardaşımdan ayrı yaşamağımın səbəbi ailə məsələsidir. Anam bir müddət əvvəl dünyasını dəyişib. Mən də ayrı yaşayırdım. Hadisədən xəbər tutub evə gəldim”.

Ramin Şükürov qardaşının qonşularla problem yaşaması haqda hakimin suallarına əvvəlcə cavab vermək istəməyib. Amma o, sonradan fikrini dəyişərək qardaşının içki içdiyini, sərxoş olduğu halda kimlərləsə mübahisə etdiyini deyib: “Amma Səxavətgillə münasibəti yaxşı idi. Kabab bişirəndə onlara da aparırdı. Belə olanda inanmadım ki, niyə baş verib”.

Ramin Şükürov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Növbəti məhkəmə prosesi iyulun 13-də davam edəcək. (Teleqraf.com)