Nazirlərin gərgin görüşü və Qarabağda BÖYÜK MÜHARİBƏ YOLU: ekspert erməni planını AÇDI

12 İyul 2017 14:00 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmadı.

Publika.az
xəbər verir ki, rəsmi məlumatda münaqişənin nizama salınmasında irəliləyişlərin əldə olunması üçün şəraitin yaradılması məsələsinin müzakirə olunduğu bildirilir.

Görüşdən öncə Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdilər. Əslində bu çıxışlar dolayısı ilə görüşün atmosferinə də təsir edirdi.

Elmar Məmmədyarov çıxışında qəti şəkildə bildirdi ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Edvard Nalbandyan isə İrəvanın qeyri-konstruktiv mövqeyini nümayiş etdirərək, Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə gətirdi. Nalbandyan bununla “atəşkəsə nəzarət mexanizmi”nin yaradılmasını nəzərdə tutur.

Nazirlər bu ilin sentybarında BMT-nin Nyu-Yorkda keçiriləcək baş assambleyasının iclası çərçivəsində növbəti dəfə görüşəcək.

Göründüyü kimi, Brüssel görüşü nəticəsiz başa çatdı və bu, qarşıdakı günlərdə münaqişə zonasında ciddi toqquşmaların ola biləcəyinə işarədir. Müharibə variantının gündəmə gəlməsi Ermənistanda təşvişə səbəb olub.

“Lragir” saytı yazır ki, təmas xəttində toqquşmalar hər an başlaya bilər.

“Rusiya “Kazan planı”ndan imtina etmədi və hesab olunur ki, Azərbaycana çatdırılan son silahlar da bununla bağlıdır. Görünür, Rusiya Ermənistanın razılaşması üçün əlindən gələni edir. Lakin bu, yalnız müharibə ilə mümkündür”, - deyə sayt qeyd edir.



Hərbi ekspert Üzeyir Cəfərov Publika.az-a açıqlamasında bildirib ki, münaqişə həll olunmadığı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədiyi müddətdə cəbhədə hər an lokal və ya genişmiqyaslı əməliyyatların başlanması mümkündür: “Ermənistan və havadarları vaxtı uzadır. Bu vəziyyət Ermənistana və həmsədrlərə sərf edir. Dünənki görüşdən öncə Lavrovla Nalbandyanın görüşməsi diqqətdən yayınmadı. Görünür, Rusiya xarici işlər naziri görüşdən öncə erməni nazirə öz təlimatlarını verib. İndi də deyirlər ki, sentyabrda yeni görüş olacaq. Bu, vaxt uzatmaqdır. Həmsədrlər prezidentlərin görüşünü təşkil etmək istəyirlər. Sarkisyan görüşə gələcək və 2018-ci ilin aprelinə qədər vaxtı uzadacaq, həmin vaxt prezident səlahiyyətlərini təhvil verəcək, ondan sonra gələcək hansısa “yan” bildirəcək ki, məsələni öyrənməlidir. Beləliklə, 20 ildən artıqdır uzadılan vaxt daha da uzanacaq. Azərbaycan Ermənistana və həmsədrlərə sentyabra, yaxud oktyabra qədər vaxt verməlidir. Əgər ciddi irəliləyiş olmasa, onda lazımi tədbirlər görülməlidir”.

Hərbi ekspert qeyd edib ki, dinc əhalini, azyaşlı uşaqları, qocaları öldürən Ermənistanla bir masada oturmaq mənasızdır.

“Bizim dinc əhalimizi öldürürlər, sonra da təmkinli olmağa dəvət edirlər. Hansı təmkindən söhbət gedə bilər?! Faktiki olaraq, aparılan mənasız danışıqlar düşmənə vaxt qazandırır. Artıq konkret vaxt qoymaq lazımdır”, - deyə o bildirib.

Ü.Cəfərov Azərbaycan Ordusunun hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb: “Ordu hər an hazırdır, sadəcə olaraq, siyasətçilərin qərarını gözləyir. Kifayət qədər güclü ordumuz var”.

Asif