Abbasqulu Ağa Bakıxanovun xatirə muzeyi TƏHLÜKƏDƏ - FOTO

2 Avqust 2017 15:55 (UTC+04:00)

Görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun Qubanın Amsar kəndindəki xatirə muzeyinin əsaslı təmirə ehtiyacı var. Muzeyin hazırkı durumu eksponatların saxlanmasını çətinləşdirib.

Bu barədə Publika.az-a məlumat verən muzeyin direktoru İradə Əlməmmədova sonuncu dəfə əsaslı təmirin 2009-2010-cu illərdə aparıldığını deyib.

Onun sözlərinə görə, muzey hazırda qəzalı vəziyyətdədir: “Quba Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyevanın köməkliyi və öz imkanlarımız hesabına bu ilin may ayında təmir etdirmişik. Lakin əsaslı təmir olmayıb, sadəcə çatların arası doldurulub ki, quşları içəri girməsin. Hazırda isə muzey qəzalı vəziyyətdədir, əsaslı təmir edilməsinə ehtiyac var. Pəncərələrimiz sınıb, “reşotka”ları yoxdur, elektrik xətləri yararsız haldadır. Bütün bunlar isə muzeyin fəaliyyətinə birbaşa təsir edir. Çünki muzeydəki mövcud vəziyyət eksponatların saxlanmasını çətinləşdirib. Onların saxlanması üçün təhlükəsiz mühit təmin edə bilmədiyimizə görə, bir qismini Tarix-Diyarşünaslıq Muzeyinə köçürmüşük”.

İ.Əlməmmədova muzeyin təmirə ehtiyacı olması ilə bağlı Quba Tarix-Diyarşünaslıq muzeyinə müraciət etdiklərini bildirdi: “Biz həmin muzeyin tabeliyindəyik, ona görə də problemimizi onlara deyə bilər. Tarix Diyarşünaslıq muzeyinin direktoru Məryəm xanım da lazımı qurumlara məlumat verib”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Publika.az-a açıqlamasında bildirilib ki, A.A.Bakıxanovun ev muzeyinin qəzalı vəziyyətdə olmasından xəbərdardırlar: “Nazir Əbülfəz Qarayev də rayona səfəri zamanı həmin ev muzeyində olub. Nazir oradakı vəziyyətlə tanış olub. Muzeyin gələcək fəaliyyəti ilə bağlı plan hazırlanır”.

Qeyd edək ki, muzeydə Abbasqulu Ağa Bakıxanovun “Gülüstan” elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır.

Gülxar