Roman Qriqorçuk: "Bizə 3 qol lazımdır"

2 Avqust 2017 21:29 (UTC+04:00)

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Yunanıstan təmsilçisi "Panatinaikos" ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçını şərh edib.

Publika.az xəbər verir ki, 52 yaşı ukraynalı oyundan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Yəqin ki, "Qarabağ"ın "Şerif"lə oyununa baxdınız. Çempionatdakı rəqibinizin qələbəsi sizi motivasiya edir?

- "Qarabağ"a hər zaman uğurlar arzulayıram. Onların Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını istərdim. Etiraf edim ki, oyuna baxmadım. Çünki öz işlərimiz var. Azərbaycanın adına sevindirici haldır, reytinq xalları gəlir. Lakin bu matç bizim motivasiyamıza təsir edə bilməz.

- Rəqibin sürətli futbolçuları var. Bu, sizə çətinlik törətməyəcək ki?

- Rəqibin sürətli oyunçuları var. Lakin biz də onlardan geri qalmırıq. Vacib olan odur ki, öz oyunumuzu oynayaq. Məsələn, ötən il "Maynts" sürət baxımından bizdən üstün idi və şansımız az idi. Lakin "Panatinaikos"un bizim üzərimizdə belə üstünlüyü yoxdur.

- "Qəbələ" hər zaman səfərdə yaxşı oynayır. Lakin "Panatinaikos"la səfər matçında alınmadı. Komanda mövsümə hazır deyil?

- Səbəb odur ki, biz öz tərzimizdə oynaya bilmədik. Bunda rəqib də bizə mane oldu. Lakin əminəm ki, sabah öz tərzimizə yaxın çıxış edəcəyik.

- Rəqibin üstün cəhətləri var. Buna qarşı hansı önləmləri almısınız?

- İlk oyuna qədər də rəqibin üstün cəhətlərini bilirdik. Hətta yeni gələn oyunçularını da incələmişdik. Yenə deyirəm, əsas olan öz tərzinə uyğun oynamaqdır. Bu zaman rəqib öz güclü tərəflərini göstərə bilirdi. Biz elə etməliyik ki, rəqib istədiyi kimi çıxış etməyi bacarmasın.

- Start heyətdə dəyişikliklər gözlənilirmi?

- Bunu indi deyə bilmərəm. Çünki hər gün oyunçuları izləyirik. Futbolçuların durumundan asılıdır. Onların hazırlıq səviyyəsi eyni deyil. Yaxşı məşq etmişik. Komanda üzvlərinin səviyyəsi bir qədər də yüksəlib.

- Zədəli olan Xavini sabahkı oyunda görə biləcəyik?

- Hazırda zədəli oyunçu yoxdur. Hamısı ümumi qrupda məşq edir. Kimin "18-liy"ə düşəcəyini sabah görəcəyik.

- Hər dəfə bu cür matçlardan sonra jurnalistlərə nəsə vəd edirsiniz. İndi necə, mərhələ keçsəniz, nə söz verə bilərsiniz?

- Söz vermək istəmirəm. Kimsə futbolla bağlı nəsə söz verəndə mənə gülməli gəlir. Qrup mərhələsinə düşsək, nəsə düşünmək olar (gülür).

- İki il öncə "Qəbələ" "Panatinaikos" səddini keçib, qrupa düşmüşdü. Sabahkı matçla bağlı nə deyə bilərsiniz?

- Komandaları müqayisə etməzdim. Hər iki kollektiv yenilənib, heyət dəyişib. Xeyli iş görmüşük, futbolçulara lazımi məlumat vermişik.

- "Qəbələ"nin fiziki durumu elə də yaxşı deyil. Bu baxımdan oyunun taleyini 90 dəqiqə ərzində həll etməyi düşünmək daha doğru olar?

- Rəqib fiziki baxımdan bizdən üstün deyil. Bizim üçün əsas qələbədir. İstəyir 120 dəqiqə oynayaq, istəyir 1200.

- Penaltilər barəsində düşünmüsünüz?

- Bəli, məşq də etmişik. Artıq penalti seriyası olsa, kimlərin vuracağını da bilirəm.

- 0:1 çətin hesabdır. Hesabda geri düşsəniz, 3 qol vurmalı olacaqsınız...

- Futbolçularla söhbətdə də demişik ki, bizə 3 qol vurmaq lazımdır. Yunanıstanda 5 qol vurmaq istəyirdik, alınmadı (gülür).