Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid
qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə
çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə
nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz
sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə
deyil.
“Ermənistan öz sərhədlərini qorumaq gücündə deyil, lakin
silahlandırma və vahid qoşun qruplaşması bunu təmin edə bilər”, -
deyə o bildirib.
Parlamentin vitse-spikeri Eduard Şarmazanov da qeyd edib ki,
“Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətdə deyil.
Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı
yeganə alternativimiz bu blokdur”.
Müzakirələrin sonunda isə parlament Rusiya-Ermənistan vahid qoşun
qruplaşmasının yaradılması haqda razılaşmanı ratifikasiya edib.
Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti rəsmi şəxslərin
ölkənin gücsüzlüyü haqda etiraflarını və bu razılaşmanı tənqid
edir.
Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, adətən öz
vətəndaşlarının təhlükəsizliyini, ölkənin müdafiəsini təmin edə
bilməyən hakimiyyətlər istefa verir.
“Ermənistanda isə öz bacarıqsızlıqlarını etiraf edənlər nəinki
istefa vermir, əksinə, bu bacarıqsızlığa bəraət qazandırmaq üçün
hər cür şantaja əl atırlar”, - deyə o bildirib.
Aykazn Qaqriyan isə qeyd edir ki, Rusiya Ermənistanın son qalası
olan ordunu da ələ keçirir.
“Aprel müharibəsi”ndən sonra güman edilirdi ki, Rusiya Ermənistan
ordusu üzərində nəzarəti ələ almaq üçün hərəkətə keçəcək. Vahid
qoşun qruplaşması bu ehtimalları doğruldur. Hakimiyyət bunu inkar
edir və deyir ki, razılaşma ordu üçün yeni imkanlar açır. Lakin
inandırıcı arqumentlər irəli sürə bilmirlər. Əgər həqiqətən yeni
imkanlar açılırsa, o zaman, bu imkanlardan birini göstərmək
lazımdır. Hakimiyyət isə öz dediyini sübut edə bilmir. Rusiya qalib
gəlir və Ermənistanda “son qəpiyə qədər almağı” hədəfləyir”, - deyə
Qaqriyan qeyd edir.
Asif