Lənkəran-Lerik yolu nəzarətdə saxlanılır - FOTO

5 Oktyabr 2017 18:00 (UTC+04:00)

Bir neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sel suları yaradıb və sürüşmə zonalarını aktivləşdirib.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır.