Ayda nəhəng tunel aşkarlandı - FOTO

19 Oktyabr 2017 11:52 (UTC+04:00)

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) Aya göndərdiyi “Kaquya” süni peykinin çəkdiyi görüntülərdə Ayın səthində tunelə bənzər nəhəng boşluq aşkarlanıb.

Publika.az xəbər verir ki, 2007-ci ildə “Kaquya” orbital zondu təxminən 18 ay ərzində Ay səthini təhlil edib. Radar vasitəsilə agentliyə göndərilən şəkilləri incələyən mütəxəssislər bu maraqlı nüansın nə olduğunu araşdırıb.

JAXA-da orbital zondun Ay missiyası çərçivəsində göndərdiyi fotoşəkillər vasitəsilə Ayın səthini təhlil edən alimlər tunel kimi görünən nəhəng boşluğun Marius adlı vulkanik yüksəkliyin tam aşağı nahiyəsində yerləşdiyini deyiblər. Bu boşluğun 3,5 milyard il əvvəl vulkan partlayışı zamanı yarandığı ehtimal olunur. Tunelin uzunluğu 50 kilometr olaraq hesablanıb. Diametri 50 metr olan boşluq birbaşa Ayın səthinə uzanır. Alimlərin fikrincə, tunelin torpağın altında yerləşməsi gündüz və gecə saatlarında temperaturun kəskin dəyişməsinin, eləcə də kosmosdan gələn radiasiyaların qarşısını alır. Burada tərkibində su olan mineralların da mövcudluğu da ehtimal olunur.

Qeyd edək ki, Yaponiya 2025-ci il üçün Aya astronavtlar göndərməyi planlaşdırır.

Könül Cəfərli