77 yaşında ata olan Hacı Əbdül: "Əbdül 1, Əbdül 2, Əbdül 3, gülməlidir ki..." - MÜSAHİBƏ

8 Dekabr 2017 17:07 (UTC+04:00)

Publika.az keçmiş millət vəkili, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüllə müsahibəni təqdim edir.

– Əbdül bəy, indi Xızıda yaşayırsınız?

– Yox, Bakıda.

– Burda eviniz var?

– Əlbəttə! Hətta dövlət mənə iki dənə beş otaqlı ev vermişdi. İkisini də qaçqınlara verdim.

– Maddi vəziyyətiniz necədir?

– Allaha şükür, mənim maddi vəziyyətim həmişə yaxşı olub.

– 77 yaşınız var, yaxınlarda övladınız dünaya gəldi. Belə sağlam qalmağın sirrini nədə görürsünüz?

– Mən şeytani işlərlə məşğul olmamışam. Yəni içki, siqaret, nəşə aşiqi olmamışam. Vaxtımın ən gözəl çağlarını idmanla məşğul olmuşam.

– Necə oldu uşaqların ikisinin də adını Əbdül qoydunuz? Bizdə babanın adını nəvəyə qoymaq ənənəsi var. Amma atanın öz adını övladına qoyması birinci dəfədir...

– Bəli, yoxdur. Belə bir şey mən də eşitməmişəm. Amma mən öz adımı oğluma qoydum. Birinci oğlum dünyaya gələndə 70 yaşım vardı. Məhz buna görə ona öz adımı – Hacıəbdül qoydum. Təzə doğulan oğlumun adını isə Əbdül deyil, Əbdülhüseyndir. Bu adı Azərbaycan dilinə çevirəndə Hüseynqulu olur. Yəni Hüseynin qulu deməkdir.

– Bəs mətbuata niyə demirsiniz ki, mən uşaqlarımın adını Hacıəbdül, Əbdülhesyn qoymuşam... Adamlar elə bilir ki, üçünüzün də adı Əbdüldür.

– Mən demişəm, amma nədənsə, yazan elə yazıb. Mən necə eləyə bilərəm ki, bir evdə Əbdül 1, Əbdül 2, Əbdül 3 olsun? Gülməlidir ki... (gülür)

– Neçə övladınız var?

– 12 uşağım var. Üçü oğlandır, doqquzu qız.

– Nəvələriniz çoxdur?

– Nəvələrimin sayını dəqiq bilmirəm. Gərək sayam. Təxminən, 25-26 nəvəm var.

– Nəticələriniz necə?

– O da var.

– Heç fikirləşirsiniz ki, birdən yeni doğulan uşağınızın toyunu görməzsiniz? Buna görə narahat olursunuzmu?

– Yox, narahat olmuram. Beş balaca uşağım var. Ən balacası iki-üç aylıqdır. Mənə elə gəlir ki, uşaqlarımın hamısının toyunu görəcəm. Bizdə bir kişi var. 150 il yaşadı. Necədir?

– Siz də 150 il yaşamaq istərdiniz?

– Niyə yaşamıram ki? Amma Allahın verdiyi ömür hamısından yaxşıdır. Sağlam, ağıl başda və heç kəsə ehtiyacı olmadan yaşamaq istəyirəm.

– O biri övladlarınız yeni dünyaya gələn uşağınıza görə sizə etirazlarını bildirmədilər ki? Yoxsa ailədə bütün ixtiyar sahibi sizsiniz?

– Hər ailənin öz qayda-qanunları var. Amma bizim ailədə söz mənim babamın olub. O, rəhmətə gedəndən sonra söz sahibi atam olub. Təsəvvür edin, nəvələrim vardı, amma atamın səsi gələndə yerimdə tir-tir əsirdim. Atam rəhmətə gedəndən sonra isə söz mənim sözüm olub.

– Maraqlıdır, yeni doğulan uşağın anasının neçə yaşı var?

– Yəqin otuzu keçər.

– Əbdül bəy, siz ictimai-siyasi fəaliyyətə Azərbaycan müstəqillik qazanandan sonra başlamısınız?

– Yox, hələ müstəqillik qazanmamışdıq. Mən ictimai-siyasi fəaliyyətə başlayanda Azərbaycan meydanda müstəqillik qazanmağa çalışırdı.

– Elçibəylə dost olmusunuz?

– Yaxın olmuşuq. Bir-birimizə hörmətimiz olub. Elçibəy yaxşı adam idi.

– Yaxşı adam idi. Bəs sizcə, yaxşı da siyasətçi idimi?

– Birincisi, siyasət deyiləndə sanki, pis bir şey nəzərdə tutulur. Amma bizim imamlarımızın da hamısı düz yol göstərən, yəni haqqı deyən olublar. Bu da bir siyasətdir və əslində, əsl siyasət elə budur. Siyasətçi sözündə də, əməlində də düz olmalıdır. Və haqqında kim nə deyir desin, Elçibəy də düz idi.

– Heydər Əliyevlə də görüşmüsünüz?

– Bəli...

– Bəs onunla münasibətləriniz hansı səviyyədə olub?

– Desəm ki, rəhmətlik Heydər Əliyevlə münasibətlərimiz yaxşı olub, gərək onun səbəbini də açıqlayım. Yoxsa elə sadəcə desəm ki, yaxşı olub, başlayacaqlar ki, Hacı yalan danışır. Ona görə də bu sualınıza hadisələrlə cavab vermək istəyirəm...

– Buyurun...

– Əbülfəz Elçibəy hakimiyyətə gələndən iki-üç gün sonra məni həbs etdilər. Gözəl səsim vardı. Həbsxanada məni zəhərlədilər. Sonra boğazımı yardılar, səs tellərimi götürdülər. Heydər Əliyev hakmiyyətə gələn gün isə rəhmətlik anam onun yanına xahişə getdi. Dedi ki, oğlumun günahı yoxdur, evdə yeddi dənə xırda-xırda uşaqları var, xahiş edirəm onu buraxasınız. Heydər Əliyev məni azad elədi.

– Sizi içəridə kim zəhərləmişdi ki?

– Bayılın 13 nömrəli kamerasında zəhərləmişdilər. Kimin zəhərlədiyini bilmədim. Gecə yarı gördüm ki, boğuluram...

– Dünyagörmüş adamsınız, kimin zəhərlədiyini bilməmiş olmazsınız...

– Bu barədə nəsə desəm, mənim öz fikrim olar. Kiməsə böhtan ata bilərəm. Amma düzünü Allah bilir.

– Allahdan nəsə soruşmaq imkanımız yoxdur. Mümkünsə, siz öz fikrinizi deyin...

– Mənim həbsxana yoldaşlarım arasında “Qatır Məmməd” ləqəbli Alayaqub da vardı. Ağdamdan idi. Bizi gəzmək üçün hərdən dəhlizə çıxarırdılar. Orada gəzişir, söhbətləşirdik. Bir dəfə Alayaqub dedi, mən burdan çıxandan sonra elə şeylərin üstünü açacağam ki, aləm qarışacaq. Ona dedim ki, yavaş danış, eşidərlər. Həmin gün gecə gedib yatdıq. Səhər günorta gəzintisinə çıxanda gördüm Alayaqub yoxdur. “Nadzor”dan onu soruşdum. Dedi, xəstədir, yerindən dura bilmir. İcazə alıb yanına getdim. Alayaqub yerində xırıldayırdı. Soruşdum ki, sənə nə olub? Dedi, səhər-səhər Bayılın həkimi - hündür bir oğlan idi, tanıyırdım, - məni çağırdı, dedi, xəstəxanada xəstəlik yayılıb, biz siyasi dustaqlara iynə vururuq ki, xəstəlik keçməsin. Bu sözü dediyinin üstündən heç on dəqiq keçmədi ki, Alayaqub öldü. Öz danışdığı sözlər öz başına oyun açdı. Allah rəhmət eləsin.

– Bəs onun danışdıqlarını siz də eşitmişdiniz. Sizə nə yaxşı bir şey eləmədilər?

– Kim deyir ki, eləmədilər? Söhbətin dalına qulaq asın.

– Buyurun...

– Alayaqubun ölümünün üstündə bir saat keçmədi, nazor gəlib mənə dedi, Hacı, həkim səni çağırır. Getdim. Həkim mənə dedi, həbsxanada xəstəlik yayılıb, siyasi dustaqlara iynə vururuq ki, onlara da keçməsin. Qaldır qolunu sənə də iynə vurum. Dedim ki, mən Alayaqub deyiləm, iynə vurub öldürəsiniz, günahımı deyin, qolumu qaldırım, iynəni vurun. Həkim gördü ki, vəziyyətdən xəbərdaram. Dedi ki, “nadzor”ları çağıraram, səni tutarlar, iynəni vuraram. Bununla da mənim söhbətim qurtardı. Ürəyimdə Allahı çağırdım ki, mənə kömək olsun. Həkim ayağa qalxıb siyirtməni çəkdi, yekə bir iynəni götürüb mənə sarı gəldi ki, əlbəyaxa olsun. Mən də ürəyimdə Allahı çağırıram. Həkim gözlərimin içinə baxdı, birdən Allahın hökmü ilə iynəni yerə vurdu, sındırdı, tapdaladı və Əbülfəz Elçibəylə İsgəndər Həmidovu söydü.

Əbülfəz Elçibəylə İsgəndər Həmidovu niyə söydü ki?

– Onu bilmirəm.

– Bəs sonra nə oldu?

– Sonra həkim mənə dedi, Hacı, otur. Mən dəhşət stress keçirmişdim, başımdan tər su kimi axırdı. Həkim samovardan iki stəkan çay süzdü, birini öz qabağına, birini də mənim qabağıma qoydu. Ürəyimdə dedim ki, iynədən qurtardıq, keçdik çaya. Ay Allah, bunun axırı nə olacaq? Gördü çayı içmirəm. Götürüb özü mənim çayımı yarıya qədər içdi. Dedi, qorxma. Ondan sonra çayı içdim.

Bu hadisənin üstündən heç bir həftə keçmədi ki, Heydər Əliyev hakimiyyətə gəldi. Bu vaxt “nadzor” gəlib mənə dedi ki, Hacı, yenə Xalq Cəbhəsi vaxtı sənin burdan çıxmağına ümid var idi. Amma Heydər Əliyev gəldi, sənin bayıra çıxmağın qurtardı, daha ümid də yoxdur. Sən demə, anam Heydər Əliyevin qəbuluna xahişə gedibmiş. Heydər Əliyev o vaxt şəhər prokuroru, indi isə deputat olan Çingiz Qənizadəyə zəng edər, deyər ki, Hacı Əbdülün anası sənin yanına gələcək. Anam Çingizin yanına gəlib. Və səhərisi günü məni buraxdılar.

– Əbdül bəy, İsgəndər Həmidov nazir olanda sizi həbs etdirib?

– Bəli...

– Nə üstündə?

– O vaxt Xızı camaatı mənim yanıma gəlmişdi ki, icra başçısı bizi incidir, bu məsələni Ali Sovetə çatdır. Ali Sovetin sədri də İsa Qəmbər idi. Həmin yoldaşlarla birlikdə onun yanına gəldim, bu məsələni danışdım. İsa Qəmbər qayıtdı ki, Hacı, sən bizim adam deyilsən. Bizim adam olsaydın, bu işə baxardım. Mən də buna görə ona xoşagəlməz sözlər dedim. Bundan sonra İsa Qəmbər Arif Hacılıya zəng elədi. Tapşırdı ki, Hacı Əbdül gələcək, onun işi ilə məşğul ol. Ariflə də görüşdüm. O da dedi ki, dördüncü gün Xızıda olacam. Xızı rayonundan gələn ağsaqqallar da yanımda idi. Bu ağsaqqallar xahiş elədilər ki, Hacı, sən də bizimlə rayona gəl, yanımızda ol. Gedib gördüm, camaat yığışıb. Hamımız Arifi gözləyirdik, amma gəlib çıxmadı. Bir gün də gözlədik, yenə gəlmədi. Gördüm ordakı Qərbi Azərbaycanlılar təşvişdədirlər. Soruşdum ki, nə olub? Dedilər, siz bizi burdan köçürməyə gəlmisiniz. Səhərisi gün Xızıya ordu gəldi. Guya biz Xızıda hakimiyyəti ələ almışıq. Halbuki ondan bir gün qabaq Yaqub Məmmədov mənim əmrimi verib Xızıya icra hakimi göndərmək istəyirdi. İstəməmişdim. İsgəndər özü də ordu ilə birlikdə gəlmişdi. Gəldilər, dağıtdılar, qırıb-batırdılar, məni də götürüb apardılar. Bir il neçə ay içəridə saxladılar.

– İsgəndər Həmidovla indi görüşürsünüz, münasibətiniz necədir?

– Mənim İsgəndərdən şikayətim yoxdur. Biz cavanlıqda dost olmuşuq. Nazir olanda da görüşmüşdük, söhbətlərimiz olmuşdu. Mən türmədən çıxandan sonra ondan soruşdum ki, niyə belə elədin? Dedi, yaxın dostların sənin adından mənim yanımda artıq-əskik söhbətlər eləmişdilər. Halbuki belə şeylər olmamışdı.

– Əbdül bəy, əvvəl siz Ayaz Mütəllibovu müdafiə edirdiniz. Amma Bakıya gəldi, ona eks-prezident statusu verildi. Bundan sonra aranız soyudu. Səbəb nə oldu?

– Əslində, mən Ayaz Mütəllibovu müdafiə edəndə heç onu yaxşı tanımırdım. Heç yaxınlığında da olmamışdım. Ancaq mən Allah adamıyam və bilirdim ki, Xocalı faciəsini Ayaz Mütəllibov törətməyib, onun bu məsələdə günahı yoxdur. Bu gün də sözümün üstündəyəm.

Kəramət Böyükçöl