Bacısının ərini və qayınatasını güllələdi - TƏFƏRRÜAT (YENİLƏNDİ)

11 Dekabr 2017 11:41 (UTC+04:00)

Bakıda ata və oğlunun güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Əslən Göyçay rayonundan olan Vüsal Tanrıverdiyevin yeznəsini və onun atasını ailə münaqişəsi zəminində güllələdiyi məlum olub. Bildirilir ki, Vüsalın bacısı bir müddət əvvəl əslən Gədəbəydən olan Anar Rəsulovla ailə həyatı qurub. Zaman keçdikcə ailədə münaqişələr yaranıb.

Nəhayət qadın ata evinə qayıdıb. O, ərinin və ailəsinin xoşagəlməz hərəkətləri barəsində danışıb. Bundan əsəbiləşən Vüsal Tanrıverdiyev tüfəng götürərək, yeznəsinin Ramana qəsəbəsindəki evinə gəlib. O, qapını döyərək Anarı çağırıb. Lakin qarşı tərəf qapını açmayıb. Bunu görən Vüsal pəncərədən evin içinə atəş açıb.

Nəticədə, Anar Rəsulov və atası müxtəlif dərəcəli xəsarətlər alıb. Hər iki şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. (lent.az)

***

Hadisəni törədən V.Tanrıverdiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. (apa)

***

Bakıda güllələnmə hadisəsi baş verib.

Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramanı qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib. (trend)