50 dollara SATILAN YALAN və susdurulmuş VİCDAN

12 Dekabr 2017 23:35 (UTC+04:00)

İnsanlar niyə yalan danışır? Niyə cəmiyyətdə saxtakar insanların sayı get-gedə artır? Hər zaman cəmiyyətdə bu tip keyfiyyətlərə malik insanlar qınanır, tənqid edilir. Bəs düşünmüsünüzmü, siz onların yerində olsanız nə edərdiz? Yox demədən öncə bu yazını diqqətlə oxuyun.

Publika.az amerikalı alimlərin keçirtdiyi maraqlı eksperimenti təqdim edir:

Saxtakarlıq etməyə sizi nə vadar edər? sualı ilə sorğu keçirən bir qrup mütəxəssis küçədən keçən insanlara yaxınlaşıb. Bu suala cavab almaq üçün çox vaxt sərf etməyə ehtiyac olmayıb. Hər kəs “yox” “qətiyyən”, “məni buna heç nə vadar etməz” deyə cavablar verib. Həmin insanlardan bəziləri eksperimentdə iştirak üçün dəvət olunub.

Belə ki, eksperimentdə iştirak edən iştirakçılar 1 saat ərzində mənasız və yorucu işlərlə məşğul olublar. 1 saatın tamamında isə hər kəs şəxsi fikirlərində gördükləri işin çox mənasız və zəhlətökən olduğunu dedi. Lakin onlara növbəti iştirakçılara burda gördükləri işdən həzz aldıqlarını, olduqca maraqlı vaxt keçirtdiklərini demələri tələb olunub.

Bunun müqabilində inandırıcılığı güclü olan iştirakçılara 20-50 dollar mükafat veriləcəyi deyildi. İştirakçılar pulu götürüb və dəhlizdə növbə gözləyən adamlara yalan deyiblər.

Həmin insanları bu yalana inandırdıqdan sonra mütəxəssislər o iştirakçılardan təkrar eksperiment barədə yekun rəy alıblar. Bax elə bu an maraqlı hadisə müşahidə edilib. 50 dollar alan iştirakçılar, insanları pula görə aldatdıqlarına peşman olmadıqlarını və gördükləri işlərin zəhlətökən olduğu fikrində qalıblar.

20 dollar alan iştirakçılar isə qeyri-ixtiyari özlərini vəziyyətdən çıxartmaq üçün gördükləri işin heç də zəhlətökən olmadığını, maraqlı olduğunu, hətta çox əyləndiklərini deyiblər.

Alimlər bu özünümüdafiə üsulunu belə izah edib:

İnsanların saxtakarlıq eşqi onların mənfəətləri ilə düz mütənasibdir. Vicdan əzabının bu məsələyə təsiri olduqca azdır. İnsan psixologiyası həyatın heç bir anında itirmək, məğlub olmaq məhfumunu qəbul etmir. 20 dollarla müqayisədə 50 dollar “vicdanını” susdurmağa kafidir. Lakin 20 dollar az olduğu üçün insan öz-özünü psixoloji məğlubiyyətdən çıxartmağa çalışır. Öz hərəkətlərinə bəraət qazandırmağa çalışırlar. Qarşıdakı insanı aldadarkən açıq-aşkar yalan dediklərini etiraf etməyib, bunun sadəcə onların şəxsi fikirləri olduqlarını ifadə etməyə çalışıblar.

Beləliklə, cüzi maaş qarşılığında hər hansı sistemi müdafiə edənlər də, baş verənlərə haqq qazandıran sıravi insanlar da sadəcə öz vicdanları ilə mübarizə aparırlar. Özünü aldadan insan qarşısındakını müvəffəqiyyətlə aldada bilər. Başqa sözlə, onları riyakarlığa və saxtakarlığa vadar edən səbəb sadəcə mənfəət, qazanc və gücdür.

Könül Cəfərli