“Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə”

15 Dekabr 2017 15:20 (UTC+04:00)

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin Mətbuat və İnformasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının bilavasitə təşkilatçılığı keçirilən tədbir 10 dekabr Beynəlxalq insan hüquqları gününə və Azərbaycan Respublikası - YUNESKO əməkdaşlığının 25 illiyinə həsr edilib.

“İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrası müəllimlərinin və digər tədqiqatçıların elmi məruzələrinin dinlənildiyi dəyirmi masada Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının, Dövlət Neft Şirkətinin, AMEA Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitununun, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil hüquqşünaslar, magistrantlar və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun Hüquq fakültəsinin dekanı və “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev “İnsan hüquqlarının təbliği və tədrisi bu sahədə əsas təminat vasitəsi kimi” mövzusunda məruzə edib.

Dəyirmi masa işini “İnsan hüquqlarının nəzəri əsasları”, “İnsan hüquqlarının müdafiəsi təcrübəsi” və “İnformasiya hüququ: nəzəri və təcrübi məsələlər” adlı üç bölmədə davam etdirib və 30 elmi məruzə dinlənilib.