2018-ci ilin ilk Dağlıq Qarabağ görüşündən nə gözləyək? - ŞƏRH

15 Yanvar 2018 14:53 (UTC+04:00)

"Azərbaycan özü proses yaratmadıqca Dağlıq Qarabağ probleminin həllinə dair heç bir nüans qeydə alınmayacaq”.

Bu sözləri Publika.az-a siyasi şərhçi Natiq Miri yanvar ayının ikinci yarısında təşkil edilməsi gözlənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanın sülh çağırışlarına və istəyinə rəğmən, münaqişə prosesində hər hansı irəliləyiş və siyasi nəticənin olacağı inandırıcı deyil:

“Çünki bu gün işğalçı Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli məsələsində hansısa dəyişikliklər edəcəyi hiss edilmir. Fikir verirsinizsə, Ermənistan prezidenti Serj Sarkisyan birmənalı olaraq, Dağlıq Qarabağın müstəqillikdən başqa alternativinin olmadığını, nəinki, Ermənistan auditoriyasında, artıq bütün beynəlxalq təşkilatlarda, hətta BMT səviyyəsində tribunalardan söyləyir. Üstəlik, ATƏT-in Minsk qrupu həmsədrlərinin prosesə yanaşma tərzində bir dəyişiklik baş verməsə, problemin həllində hansısa irəliləyişin olacağını düşünmək absurddur".

N.Miri qeyd edib ki, hazırkı status-kvo, dəyişməyən işğal vəziyyəti Ermənistanın maraqlarına uyğundur:

"Ermənistan öz istəyi ilə Dağlıq Qarabağ və ətraf rayonları tərk etməyəcək. İşğal olunmuş ərazilərdə separatçı qüvvələr narkotik maddələr yetişdirib qlobal səviyyədə dövriyyəyə buraxırlar. Bu ərazilər Yaxın Şərqdəki terrorçulara böyük miqdarda silahların ötürülməsi üçün bir qara dəlik kimi istifadə edilir və ordan milyonlarla dollar qazanılır. Bu vəziyyətdə Ermənistanın hərbi xuntası razı olarmı ki, Qarabağ probleminə dair hansısa irəliləyiş qeydə alınsın?

Bununla yanaşı, Ermənistan rəhbərliyinə ATƏT-in Minsk qrupu səviyyəsində təzyiq yoxkən, Sarkisyan öz iradəsi hesabına heç bir güzəştə getməyəcək. Onu da qeyd etmək lazımdır ki, Sarkisyan bir qarabağlı kimi Ermənistan hökumətinin başına məhz Dağlıq Qarabağ ideologiyası vasitəsilə gəlib. Ona görə də bu Qarabağ klanının Ermənistan hakimiyyətində mövcud olduğu müddətdə problemin həlli istiqamətində irəliləyişdən söhbət belə gedə bilməz. Bunu artıq anlamaq lazımdır. Ona görə də mən xarici işlər nazirlərinin növbəti görüşündən müsbət nəticə gözləmirəm. Bu formallıq daşıyan bir vaxt itkisi olacaq”.

N.Miri Azərbaycanın belə formal xarakterli görüşlərə qatılmasının səbəbini də izah edib:

“Bilirsiniz, Dağlıq Qarabağ problemi elə bir səviyyəyə gəlib çatıb ki, regionda yeni bir müharibənin alovlanması an məsələsidir. Bu müharibə isə təkcə Azərbaycanla Ermənistan arasında olmayacaq. Bu müharibənin başlanmaması üçün də ATƏT belə formal xarakterli sülh danışıqları təşkil edir.

Azərbaycan bu gerçəkliyi bilir. Bütün vasitələrdən istifadə edərək, Azərbaycan bu problemi sülh yolu ilə həll etməyə can atır. Çünki biz birmənalı şəkildə sülh danışıqlarından imtina etmək istəmirik. Əks halda, qarşı tərəf dərhal Azərbaycanın sülh tərəfdaşı olmadığını ortaya atacaq və müharibə etmək istəyimizi qabardacaq. Ancaq belə məsələlərdən ehtiyat etməyə lüzum yoxdur. Çünki biz özümüz proses yaratmadıqca Dağlıq Qarabağ probleminin həllinə dair heç bir nüans qeydə alınmayacaq”.

Zümrüd