“Bu, ciddi araşdırılmalıdır” - Aqil Abbas

1 Fevral 2018 14:08 (UTC+04:00)

Milli Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavələr edib.

Publika.az-ın verdiyi məlumata görə, Qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil olunmur”.

Layihədə qeyd edilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır.

Məsələ müzakirə edilərkən deputat Aqil Abbas deyib ki, Azərbaycanda başqa ölkə vətəndaşının hərbi xidmətə cəlb edilməsi haqda iddia var və bu, ciddi araşdırılmalıdır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli belə bir faktın olmadığını qeyd edib və bildirib ki, məsələni araşdırıb ona məlumat verəcək:

“İnanmıram ki, başqa bir ölkənin vətəndaşı Azərbaycanda hərbi xidmətə cəlb edilsin. Bu, ciddi iddiadır. Bütün hallarda biz bunu araşdıracağıq, araşdırdıqdan sonra cavab verəcəyik”.