Bayıl yamacı sürüşdü, evlər dağıldı (YENİLƏNİR)

10 Fevral 2018 15:40 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sürüşmə zonasına yaxın olan evlərdə vəziyyətin təhlükəli olduğunu bildirib: "Bayıl yamacında sürüşmə prosesi davam edir. İnsanlar əraziyə buraxılmır. Mövcud olan çatların sayında nəzərəçarpacaq dərəcədə artım var. Evlərə yaxınlaşmaq mümkün deyil. Təqribən 1 aya yaxındır ərazidə aktiv sürüşmə prosesləri müşahidə edirik. Əslində, bu cür vəziyyət təxmin edirdik. Hava şəraiti də prosesi sürətləndirib. Yağış yağanda sürüşmə aktivləşir. Bəzi evlər tamamilə yararsız vəziyyətə düşüb”.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sürüşmə zonasında yerləşdirilən mayaklarda dəyişiklik olduğunu bildirib: "Hazırda hadisə yerindəyik. Bayıl yamacında sürüşmə prosesində aktivlik var. Sürüşmə prosesi hazırda davam edir. Ərazidəki əhali təcili şəkildə uzaqlaşdırılıb. Təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirməyə davam edir".

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun Publika.az-a verdiyi məlumata görə, Bayılın təhlükəli ərazilərində yerləşdirilən mayaklarda dəyişiklik olub-olmadığına baxılacaq:

"Hazırda sürüşmə baş verən əraziyə gedirik. Əraziyə ətraflı baxış keçirilib, mayaklar yoxlanıldıqdan sonra mətbuata ətraflı məlumat veriləcək".

***

Bakıda Bayıl yamacında sürüşmə baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.

Yerli sakinlər bildirilib ki, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir. (apa)

Könül Cəfərli